ELM VƏ TƏHSİL
“Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı müddəti uzadılmışdır VİDEO
Bakı, 11 aprel (AZƏRTAC). “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı müddəti uzadılır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müsabiqədə iştirak edə bilərlər.
Bunun üçün onlar bu il aprelin 4-dən 10-dək TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anket sorğusunu doldurmaqla qeydiyyatdan keçmişlər. Bu müddət ərzində cəmi 23 nəfər qeydiyyatdan keçmişdir.
TQDK qeydiyyat üçün nəzərdə tutulmuş müddətin aprelin 14-ü saat 9.00-a qədər uzadılması barədə qərar qəbul etmişdir. Beləliklə, ixtisasından asılı olmayaraq yuxarıda qeyd olunan müsabiqə şərtini ödəmiş bütün bakalavrlar aprelin 14-dək saat 9. 00-dək qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, cari ildə “Jurnalistika” ixtisası üzrə magistraturada ümumilikdə 43 yer ayrılmışdır ki, bunlardan 25-i dövlət sifarişi üzrədir.
Səhifənin qisa keçidi: http://tqdk.gov.az/~n14DB