SİYASƏT
“ADA” Universitetində “Bakı dialoqları” adlı yeni layihəyə start verilir VİDEO
Bakı, 9 iyun (AZƏRTAC). İyunun 11-də “ADA” Universitetində yeni uzunmüddətli layihə olan “Bakı dialoqları” adlı silsilə tədbirlərə start verilir. Layihə çərçivəsində ilk görüş-müzakirə Pekin Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı və nüfuzlu “Foreign Policy” jurnalı tərəfindən 2012-ci ilin “Top 100 qlobal mütəfəkkir” siyahısına daxil olan professor Cisi Uanq ilə baş tutacaqdır. Davos forumu formatında baş tutacaq müzakirələr “Çinin Avrasiyada geostrategiyası” mövzusuna həsr olunacaqdır.
“ADA” Universitetinin həyata keçirdiyi bu yeni layihənin əsas məqsədi Bakı şəhərini müzakirə, ideya mübadiləsi və tədqiqat mərkəzinə, önəmli beynəlxalq məsələlərlə bağlı yeni fikirlərin yarandığı, nəzər-nöqtələrinin müzakirə edildiyi bir şəhərə çevirməkdir. “Bakı dialoqları” çərçivəsində dünyanın hər yerində akademik tədqiqatlarda istifadə üçün yararlı olacaq məsələlərin də müzakirəsi baş tutacaqdır. İl ərzində dörd dəfə keçirilməsi nəzərdə tutulan müzakirələr ictimaiyyət üçün açıq olacaqdır. Müzakirələr “ADA” Universitetinin internet səhifəsinə video formatda yüklənəcək, çıxışların mətni isə rüblük “Bakı dialoqları” jurnalında çap olunacaqdır.