ELM VƏ TƏHSİL
75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı gənclərdən ibarət elmi komanda təmsil edir
Milan, 14 oktyabr, AZƏRTAC
İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 52 nəfər tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda təmsil edir.
AZƏRTAC xəbər verir ki, “Dayanıqlılıq naminə kosmik məsuliyyət” devizi ilə keçirilən builki konqresdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İdman Akademiyası, Sumqayıt Dövlət Universitetinin tələbə, gənc mütəxəssis və alimləri iştirak edirlər. Azərbaycanın milli elmi komandasının üzvləri konqres çərçivəsində çıxışlar edəcək, təqdimatlar keçirəcək və müxtəlif panel sessiyalara qatılacaqlar.
Qeyd edək ki, Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunub. Ölkəmizin bu il yüksək göstəriciyə nail olmasında keçən il Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresin xüsusi rolu var. Milan Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin 90 faizi gənclər tərəfindən hazırlanıb. Bu da ölkəmizdə kosmik ekosistemin inkişafı yolunda aparılan fəaliyyətlərin nəticəsidir ki, gənclər kosmik sahədə öz elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim edirlər.
Bakı Konqresinin yaratdığı yüksək səviyyəli tədbir standartı sayəsində dünyada builki Astronavtika Konqresinə maraq xeyli artıb. Belə ki, Milan Konqresinə 106 ölkədən 7000-dən çox elmi məqalə təqdim olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan