QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi Almatıda da anılıb VİDEO
Almatı, 20 yanvar, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində Azərbaycan diasporunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Türkdilli ölkələrin diaspor təşkilatlarının, Azərbaycanın bu ölkədəki səfirliyinin Almatı üzrə nümayəndəsinin, yerli fəalların və jurnalistlərin qatıldığı tədbirdə iştirakçılara 1990-cı il yanvarın 20-də sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridilməsi, dinc əhaliyə divan tutulması, yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi barədə məlumat verilib.
Vurğulanıb ki, yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr 1986-cı ilin 16-19 dekabrında sovet qoşunlarının Almatı şəhərində mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərin davamı idi.
Hadisəyə zamanında qətiyyətli reaksiya məhz ulu öndər Heydər Əliyev tərəfindən verilib. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet qoşunlarının Azərbaycanda həyata keçirdiyi qeyri-insani aksiyanı qətiyyətlə pisləmişdi.
Tədbirdə qanlı yanvar hadisələrini əks etdirən film nümayiş etdirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı