İDMAN
Azərbaycanın aktivinə 18-ci qızıl medalı paralimpiyaçı cüdoçumuz İlham Zəkiyev yazdı VİDEO
Bakı, 26 iyun, Səxavət Quliyev, AZƏRTAC
İyunun 26-da Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev birinci Avropa Oyunlarında komandamızın aktivinə 18-ci qızıl medalı yazdı.
AZƏRTAC xəbər verir ki, ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək “Bakı-2015”-in qızıl medalını qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri idmançımızın qələbəsini arenadan izləyiblər.
Mübarizəyə yarımfinaldan qoşulan cüdoçumuz yunanıstanlı Klimis Papaçristosu ipponla məğlub edərək həlledici mərhələyə yüksəlib.
Yarışın bürünc medalına azərbaycanlı cüdoçu Zakir Mislimov və rusiyalı Aleksandr Paraşyuk sahib olublar.
Medalları qalib idmançılara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Çempionun şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
İlham Zəkiyev ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu, həmçinin əməkdar idman ustasıdır. O, “Şöhrət” ordeni, “Tərəqqi” medalı və Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatının laureatıdır.
AZƏRTAC-ın arayışı: 1980-ci il martın 3-də Sumqayıtda anadan olan İlham Zəkiyevin idmana həvəsi güləşlə məşğul olan böyük qardaşının sayəsində yaranıb. İlham 15 yaşından etibarən cüdo ilə məşğul olmağa başlayıb. O, qısa müddətdə bir sıra uğurlar qazanıb və Sumqayıtda keçirilən yarışda qalib gəlib. Gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer alıb və sambo üzrə yeniyetmələr arasında respublika çempionu olub. Cüdoçumuz “Afina-2004” və “Pekin-2008” Yay Paralimpiya Oyunlarının qalibidir. O, həmçinin IBSA Dünya Oyunlarının dəfələrlə mükafatçısı olub.