8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN QADINLARINA TƏBRİK
Hörmətli xanımlar!
Sizi 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, ailə sevinci, xoşbəxtlik və uğurlar arzulayıram.
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı ölkəmizdə hər zaman uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə parlaq səhifəsi onun adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür.
Ötən XX əsrdə qadın hüquqlarının qazanılması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir.
Ümidvaram ki, qadınlarımız xalqa və cəmiyyətə layiqli övladlar yetişdirmək naminə bundan sonra da var qüvvələrini sərf edəcək, gənc nəslin Vətənə, torpağa məhəbbət, milli dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirəcəklər.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2007-ci il.