QAN YADDAŞI


Florensiyada “Sonsuz dəhliz” filmi nümayiş etdirilib VİDEO

Florensiya, 7 mart, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin Florensiyadakı məşhur Borgeze sarayında təqdimatı keçirilib.

İtaliyadakı səfirliyimizin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Florensiyada yerləşən İtaliya və Azərbaycan arasında mədəni mübadilə üzrə Avropa Assosiasiyasının (EURASIA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Florensiya meriyasının təmsilçiləri, tədqiqatçılar, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri açan EURASIA-nın rəhbəri Edoardo Paniki tarixi həqiqətlərin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, Xocalıdakı dəhşətlər İtaliyadan çox da uzaqda yerləşməyən bir ölkədə - Azərbaycanda baş verib və belə bir soyqırımı faktı ilə bağlı İtaliya ictimaiyyətinin məlumatlandırılması önəmlidir. Bu istiqamətdə EURASIA da üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Xocalıdakı dəhşətlərin bugünkü kimi gözümüzün önündə olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışan diplomat qeyd edib ki, Xocalıda bu soyqırımın törədilməsində məqsəd Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda həmin vaxt yaşamış dinc azərbaycanlı sakinlərin gözlərində dəhşət yaradaraq onları qorxutmaq olub. Azərbaycan xalqının bu faciəni heç vaxt unutmayacağını, bu soyqırımın günahkarlarının cəzalandırılması üçün dünya ictimaiyyətinin bu qanlı faciədən xəbərdar olmasının vacibliyini bildirən səfir tədbirin təşkilinə verdikləri dəstəyə görə TEAS-a və EURASİA-ya təşəkkür edib.

TEAS-ın Böyük Britaniya ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Cek Peqoraro tədbirin “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilmiş silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icra edilməməsi səbəbindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişə nail olunmayıb.

C.Peqoraro “Sonsuz dəhliz” sənədli filmi haqqında məlumat verərək bildirib ki, ekran əsəri şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalı hadisələrini daha dərindən anlamaq üçün bu ekran əsəri əvəzsiz imkandır.

Tədbirdə çıxış edən Florensiya meriyasının nümayəndəsi Cosimo Guccione İtaliya və Azərbaycanın müxtəlif şəhərləri, o cümlədən Florensiya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirməsi üçün böyük potensial olduğunu bildirib. Tərəflərin bir-birinin reallıqları ilə tanış olmalarının faydalı olduğunu deyən C.Guccione bu xüsusda, EURASİA təşkilatının müvafiq fəaliyyətinin və belə bir tədbirin təşkilinin əhəmiyyətli olduğunu vurğulayıb.

“Sonsuz dəhliz” filminin layihəsi litvalı jurnalist, 1992-ci ilin fevralında Xocalıda baş vermiş qətliamın ertəsi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında ərsəyə gəlib. Filmdə jurnalist o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini uzun illər sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı soyqırımından sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinləyir. Filmdə əlli qonşusunun həyatını xilas etmiş, lakin həyat yoldaşını itirmiş və aylarla işgəncələrə dözməli olduğu əsirlikdə qalmış bir musiqiçinin təsirli hekayəsi tamaşaçıların diqqətinə çatdırılır.

Filmi seyr edən tədbir iştirakçıları Xocalı hadisələri nümunəsində erməni faşizminin əsl simasını bir daha görüblər.

Xatırladaq ki, “Sonsuz dəhliz” sənədli filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Florensiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.