DÜNYA
“Facebook” dünyanı internetlə təmin edəcək VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
“Facebook” şirkəti Yer kürəsinin bütün guşələrini internetlə təmin edəcək yeni layihəni işə salıb.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, şirkət yeni simsiz rabitə sistemi hazırlayıb. “OpenCellar” adlanan qurğu planetin istənilən guşəsində şəbəkəyə çıxış nöqtəsi yaratmaqla bir sıra üstünlüklərə malikdir. Məsələn, qurğu lokal şəbəkənin yaradılmasından tutmuş, “2G” və “LTE” kimi şəbəkələrə çıxış kimi geniş kommunikasiya imkanlarına malikdir.
“OpenCellar” qurğusunun əsas fərqləndirici cəhəti onun lazımi yenilənmə və yoxlama proqram təminatı ilə yanaşı, rabitə operatorlarına, sahibkar və avadanlıq istehsalçılarına platforma əsasında lokal şəbəkə yaradaraq, onu sazlamağa və uğurlu tətbiqinə imkan verən açıq texniki və başlanğıc şəbəkə kodlarına malik olmasındadır.
“Facebook” və “Telecom Infra Project” (TIP) şirkətləri birlikdə gələcəkdə platformanı təkmilləşdirməyə kömək edəcək şəbəkə texnologiyaları ətrafında böyük birlik yaradaraq onu inkişaf etdirmək niyyətindədir.
Qeyd olunub ki, 2015-ci ilin sonunda 4 milyarddan çox insan internetə qoşulmaq imkanından məhrum olub, Yer kürəsi əhalisinin 10 faizi isə mobil rabitə şəbəkəsinin əhatə dairəsindən kənarda qalıb. “Facebook” qurğuların ucuzluğu və komplekt hissələrini hər yerdə əldə etməyin mümkünlüyü sayəsində bu problemi həll etmək niyyətindədir.