“AZAL”-A MƏXSUS “Mİ-8” VERTOLYOTU DƏNİZƏ DÜŞMÜŞDÜR
Bakı, 13 iyul (AZƏRTAC). “Azərbaycan Hava Yolları” Dövlət Konserni, Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən məlumata görə, iyulun 12-də saat 16.30 radələrində “AZAL”-a məxsus “Mİ-8” vertolyotu Çilov adası ərazisində 4-cü blokdan havaya qalxarkən dənizə düşmüşdür. Vertolyotda 3 nəfər heyət üzvü və 3 nəfər fəhlə olmuşdur.
“AZAL”, Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Prokurorluğunun rəhbər heyəti və istintaq-əməliyyat qrupu hadisə yerinə getmiş, Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi altında Dövlət Komissiyası yaradılmışdır.
Xilasetmə əməliyyatlarına müvafiq qurumların vertolyotları, gəmiləri və dalğıc heyəti cəlb edilmişdir. Aparılan xilasetmə əməliyyatları nəticəsində vertolyotun komandiri Alik Əliyev, ikinci pilot Vitali Nekrasov, mexanik Adil Əzimov, fəhlə Aydın Talıbov xilas olunmuşlar. Digər iki fəhlənin - Rafiq Nemətov və Viktor Mostavenkonun tapılması üçün axtarışlar davam etdirilir.
Faktla bağlı Respublika Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılmışdır.
Hazırda qəzanın səbəbləri araşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində qərargah yaradılmışdır. Qərargahın “qaynar xətt” telefon nömrələri bunlardır: 566-54-06, 566-54-07.