Düşənbədə su ehtiyatları üzrə yüksəksəviyyəli beynəlxalq konfrans keçirilir
Düşənbə, 26 may, AZƏRTAC
Düşənbədə “Dayanıqlı inkişaf naminə su” 2018-2028-ci illər üzrə Beynəlxalq Fəaliyyət Onilliyinə həsr olunan 4-cü yüksəksəviyyəli Beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Tacikistan Hökumətinin “Dayanıqlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyinin məqsədlərinin həyata keçirilməsinə dəstək məqsədi daşıyan təşəbbüsü - Düşənbə Su Prosesi çərçivəsində təşkil olunub. Bu proses çərçivəsində konfranslar Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq şəraitində iki ildən bir keçirilir.
Konfransın əsas məqsədi BMT-nin Su Konfransının Su Fəaliyyəti Gündəliyində qeydə alınan könüllü öhdəliklərin icrası üzrə kollektiv səylərin fəallaşdırılması, yeni tərəfdaşlıqların təşviqi və 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olunması istiqamətində fəaliyyətin sürətləndirilməsidir.
Konfrans Seneqal və Birləşmiş Ərəb Əmirliklərinin birgə ev sahibliyi edəcəyi BMT-nin 2026-cı il Su konfransına əsas hazırlıq tədbiridir.
Forumlar və paralel tədbirlər konfransın rəsmi açılışı ərəfəsində - mayın 25-də keçirilib. Yüksəksəviyyəli rəsmi konfrans mayın 26-27-də Düşənbədə keçirilir. Mayın 28-də beynəlxalq iştirakçılar üçün Tacikistanın su ehtiyatlarının idarə olunması sahəsində təcrübəsi ilə tanışlıq məqsədilə səfərlər və tanışlıq turları nəzərdə tutulur.
Düşənbə Su Prosesi çərçivəsində “Dayanıqlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə bundan əvvəl üç yüksəksəviyyəli konfrans - 2018, 2022 və 2024-cü illərdə keçirilib.