ABŞ-də sintetik yumurtalardan təxminən 500 il əvvəl nəsli kəsilmiş moa quşu yetişdirilib
Bakı, 25 may, AZƏRTAC
ABŞ-nin “Colossal Biosciences” biotexnologiya şirkəti təxminən 500 il əvvəl nəsli kəsilmiş nəhəng moa quşunun “yenidən həyata qaytarılması” layihəsində yeni mərhələnin başlandığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “National Geographic” jurnalının məlumatına görə, alimlər laboratoriyada hazırlanmış süni yumurtalardan istifadə etməklə 26 cücəni yetişdirməyə və çıxarmağa nail olduqlarını bildiriblər.
Moa quşları Yer üzündə yaşamış ən iri quşlardan hesab olunur. Tədqiqatçıların məlumatına görə, onların boyu üç metr yarımdan artıq olub. Moa quşunun yumurtaları nəsli kəsilmiş növün ən yaxın müasir qohumu sayılan emu quşunun yumurtalarından təxminən səkkiz dəfə böyük olub.
Yumurtaların iri olması səbəbindən layihə çərçivəsində canlı quşlardan “surroqat ana” kimi istifadə mümkün olmayıb.
Şirkətdən bildirilib ki, hazırlanmış sintetik yumurta qabığı nəsli kəsilmiş növlərin, o cümlədən Yeni Zelandiyanın nəhəng moa quşunun və Mavrikidən olan dodo quşunun bərpası istiqamətində mühüm addım ola bilər.
Mayın 19-da şirkət “Colossal”ın süni yumurta sistemi vasitəsilə 26 sağlam cücənin dünyaya gəldiyini elan edib.
Hazırlanmış texnologiya həqiqi yumurtanın funksiyalarını yerinə yetirən silikon membranlı süni örtükdən ibarətdir. Bu sistem oksigen və nəm mübadiləsini təmin edir, temperaturu saxlayır və embrionun inkişafını dəstəkləyir.
Şirkətdən hesab edirlər ki, bu texnologiyanı daha iri yumurtalardan nəsli kəsilmiş növlərin yetişdirilməsi üçün də geniş tətbiq etmək mümkündür.
Bu, “Colossal Biosciences” şirkətinin medianın diqqət mərkəzinə düşdüyü ilk hal deyil. Şirkət ötən il genetik modifikasiya yolu ilə nəsli kəsilmiş qorxunc canavarlara bənzədilmiş üç ağ balanın dünyaya gəldiyini də açıqlamışdı.
Bununla yanaşı, “National Geographic” qeyd edir ki, bu barədə hesabat resenziyadan keçmiş elmi məqalə olmadan və digər alimlərin təhlil edə bilməsi üçün açıq məlumatlar təqdim edilmədən dərc olunub.