SİYASƏT


Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edib VİDEO

Bakı, 8 oktyabr, AZƏRTAC 

Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edib. Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal məhv edilib.

AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 8-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə darmadağın edilib. Ordumuzun dəqiq atəş zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Ermənistan ordusunun 1-ci və 7-ci alaylarının müdafiə sahələrində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

Anar Eyvazov bildirib ki, məğlubiyyətlə üzləşən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi rayonlarını, o cümlədən “Toçka-U” taktiki raket kompleksindən istifadə edərək Bərdə rayonunu artilleriya və raket atəşinə tutub. Azərbaycanlı mülki əhali arasında ölən və yaralananlar var. Ordumuz adekvat tədbirlər görür. Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə uyğun olaraq legitim xarakter daşıyır.

“Döyüşdə iştirak edən bölmələrimizin maddi – texniki təminat baxımından heç bir problemi yoxdur. Şəxsi heyət, o cümlədən hərbi texnika və döyüş vasitələrimiz bütün növ təminat vasitələri ilə tam şəkildə təmin edilib. Xüsusilə qeyd etmək istəyirəm ki, ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad olunmuş torpaqlarımızdan bir addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.