REGİONLAR
Axullu sakini: Ermənilər tarixi izimizi, mənəvi yaddaşımızı silmək istəyiblər FOTO
















Xocavənd, 18 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrimizdən biri də Xocavənd rayonunun Axullu kəndidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gözəl təbiətə malik Axullu kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Ermənilər tərəfindən işğal edilənə qədər burada heyvandarlıq və üzümçülük inkişaf etmişdi. Axullu kəndi 1992-ci il yanvarın 9-da ermənilər tərəfindən işğal edilərək yandırılıb. Kənd Azərbaycan ordusunun həyata keçirdiyi əks həmlə əməliyyatları zamanı 2020-ci il oktyabrın 16-da işğaldan azad edilib.
Axullu kəndində ilk baş çəkdiyimiz yer qəbiristanlıq oldu. Erməni vandalları işğal etdikləri digər şəhər və kəndlərimizdə olduğu kimi, burada da məzarları dağıdıb, məzar daşlarını uçurublar. Kənd sakini Şaiq Aslanovla söhbət zamanı bildirib ki, Axullu erməni kəndlərinin əhatəsində yerləşdiyinə görə Qarabağ münaqişəsinin ilk günlərindən bu hadisələrin mərkəzində olub. "1988-ci ildən başlayaraq ermənilər tərəfindən kəndin əhalisinə qarşı təcavüz, zor tətbiq edilməyə, onların sıxışdırılmasına başlandı. İnsanlar təhqir edilir, iş yerlərindən qovulurdu. Kənd sakinləri sovxozun əkin yerlərindən istifadə edilə bilmirdi. 1988-ci ildən 1992-ci ilin yanvarınadək mübarizə apardıq. Bilirdik ki, ermənilərin fikri bizi sıxışdıraraq çıxartmaq, Dağlıq Qarabağda azərbaycanlılarsız qurum yaratmaq idi. Kənd 1992-ci il yanvarın 9-dan 10-na keçən gecə yandırıldı. Bax, bura kənd məktəbidir, onu da yerlə-yeksan ediblər. Görürsünüz, kəndin qəbiristanlığı da tamamilə dağıdılıb. Ermənilərin məqsədi təkcə bizi buradan qovmaq yox, həm də tarixi izimizi, mənəvi yaddaşımızı silmək idi".
Uzun illərdən sonra doğma kəndlərinə gələn Axullu sakini Rəmziyyə Aslanova həm sevincli, həm də kədərlidir. "29 illik ayrılıqdan sonra ilk dəfə doğulub boya-başa çatdığım kəndə gəlmişəm. Həm sevinc, həm də kədər hisləri keçirirəm. Kəndimiz dağılmış olsa da, xarabalığa çevrilsə də, bu torpağa qədəm qoydum. Evimizin qalıqlarını tapdım. Doğulub böyüdüyüm, uşaqlığım, gəncliyimin keçdiyi, valideynlərimin min əziyyətlə tikib-yaratdığı evimizi bu vəziyyətdə görmək insana pis təsir edir. Ancaq yenidən doğma kəndimə gəldiyim üçün çox sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur", - deyə R.Aslanova bildirib.