İDMAN
Bakıda ikinci beynəlxalq həmrəylik tennis çempionatında 18 ölkədən idmançılar yarışacaqlar
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 23-27-də Bakıda ikinci beynəlxalq həmrəylik tennis çempionatı keçiriləcək. Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) imzaladığı memorandum əsasında təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, memorandum “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, idmanda İslam şəxsiyyətini zənginləşdirmək, ən yüksək idman dəyərləri və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.
Bakı Tennis Akademiyasında təşkil olunacaq çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edəcəklər. Tennisçilər 4 qrup üzrə yarışacaqlar.
“Bakı-2018”də 18 ölkədən 50-dək tennisçinin iştirakı gözlənilir. Azərbaycanla yanaşı, Albaniya, İraq, Qırğızıstan, Maldiv adaları, Mozanbik, Səudiyyə Ərəbistanı, Seneqal, Uqanda, Özbəkistan, Belarus, Rusiya, Tacikistan, Liviya, Türkiyə, İran, Küveyt və Qətər çempionatda iştirakını təsdiqləyib.
“Bakı-2018” Yerli Əməliyyat Komitəsi çempionata hazırlıqla bağlı iclaslar, İHİF-in nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə MOK-un vitse-prezidenti və Yerli Əməliyyat Komitəsinin sədri Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini və Yerli Əməliyyat Komitəsinin üzvü Azər Əliyev, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tennis Federasiyasının nümayəndələri iştirak ediblər. Həmçinin beynəlxalq qurumun texniki işlər şöbəsinin müdiri Əşrəf Dahruq çempionat haqqında son məlumatlar əldə edib, müxtəlif məsələlər üzrə kömək göstərib. O, Yerli Əməliyyat Komitəsinin çempionata yüksək səviyyədə hazırlaşdığını qeyd edib.
Xatırladaq ki, çempionatın loqosu iyunda ictimaiyyətə təqdim olunub. Birinci beynəlxalq həmrəylik tennis çempionatı 2015-ci ildə İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunlarının bir irsi kimi keçirilib.