İDMAN
Britaniyalı tennisçi Endi Marrey bu il karyerasını başa vuracaq
Bakı, 11 yanvar, AZƏRTAC
Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində dünyanın birinci tennisçisi olmuş britaniyalı Endi Marrey 2019-cu ildə karyerasını başa vuracağını bildirib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, hazırda Avstraliya Açıq Çempionatına hazırlaşan Marrey bəyan edib ki, bu turnir onun karyerasında sonuncu olacaq. 2017-ci ilin iyulunda ciddi zədə alan tennisçi 2018-ci ilin yanvarında əməliyyat olunub. O, ötən ilin iyununda korta çıxıb, lakin “Uimbldon” turnirini buraxmağa məcbur olub. ABŞ Açıq Çempionatında ikinci turda məğlubiyyətə uğrayan Marrey sonuncu görüşünü 2018-ci ilin sentyabrında Çində təşkil olunan turnirdə keçirib.
İdmançı keçirdiyi mətbuat konfransında deyib ki, onun ağrıları hələ də davam edir və kortda lazımi səviyyədə oynaya bilmir. O, daha bir əməliyyat keçirəcəyi barədə düşündüyünü və bundan sona tennisi tərk edəcəyini əlavə edib.
Marrey tennisçi karyerasına 2005-ci ildə başlayıb. O, bu müddət ərzində 45 titul qazanıb və “Böyük dəbilqə” turnirlərində üç dəfə qalib olub. Tennisçi, həmçinin Olimpiya Oyunlarının ikiqat çempionu və Devis Kubokunun sahibidir.