“Qarabağ”ın keçmiş futbolçusu: Nərimanın üzərində təzyiq var idi, xaricə getməyi xeyrinə ola bilər
Bakı, 11 fevral, AZƏRTAC
Nərimanın ABŞ çempionatına gedişi gözlənilməz oldu. O, kifayət qədər perspektivli futbolçudur. Bilirdik ki, “Qarabağ”dan ayrılsa, legioner həyatı yaşayacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın keçmiş futbolçusu Rahid Əmirquliyev Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-ın “Kolumbus Kryu” klubuna transfer olunması ilə bağlı danışarkən deyib.
O, 22 yaşlı hücumçunu Avropa klublarından birində görməyi xəyal etdiyini söyləyib: “İstəyirdim ki, Avropaya getsin və aparıcı çempionatlardan birində çıxış etsin. Çünki potensialı var. İnanıram ki, Nəriman ABŞ klubunda da özünü sübut edə biləcək. Son zamanlar üzərində təzyiq var idi. Bu səbəbdən “Qarabağ”da istədiyi oyunu göstərə bilmirdi. Ona görə də ölkə xaricində çıxış etmək onun xeyrinə ola bilər. Baş məşqçi Qurban Qurbanov da bu barədə fikrini bildirdi. İnanmıram ki, kimsə Nərimanı Qurban müəllimdən daha yaxşı tanısın. Hər bir halda Nərimanın gedişi “Qarabağ” üçün böyük itkidir”.
Veteran futbolçu MLS-in çətin çempionat olduğunu vurğulayıb: “Bu baxımdan Nəriman üçün orada möhkəmlənmək asan olmayacaq. İlk mərhələdə önəmli olan komandaya uyğunlaşa bilməsidir. Əminəm ki, gələcəkdə daha yaxşı klublarda öz oyununu göstərəcək”.
R. Əmirquliyev “Qarabağ”ın akademiyasında Nəriman Axundzadəni əvəzləyə biləcək gənc futbolçuların çıxış etdiyini söyləyib: “Akademiyada gənc istedadlar var. Bu vaxta kimi də həmin futbolçular əsas komandaya cəlb olunublar. Qurban Qurbanovun onları üzə çıxaracağına inanıram”.
Qeyd edək ki, Nəriman Axundzadə “Kolumbus Kryu” klubu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb. O, beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.