REGİONLAR
Cəlilabadda üzüm bağlarında quru budama işləri yekunlaşmaq üzrədir
Cəlilabad, 13 fevral, İsmayıl Cəfərli, AZƏRTAC
Cəlilabadın üzüm bağlarında quru budama işləri yekunlaşmaq üzrədir. Son illər məhsulun qiymətinin ucuz olması üzüm istehsalçılarını ruhdan salsa da, bu il də rayonda qədim tarixi olan üzümçülüyün inkişafı üçün yeni tinglərdən ibarət 10 hektaradək əlavə bağlar salınıb. Builki mövsümün qarlı-şaxtalı hava şəraiti ilə başlaması üzümçülükdə qış budaması əməliyyatını nisbətən gecikdirsə də, istehsalçılar artıq bu işi də yekunlaşdırmaq üzrədirlər.
AZƏRTAC xəbər verir ki, quru budama üzümçülükdə aparılan ən mühüm tədbirlərdən biridir. Çünki budama vasitəsilə gələcək məhsuldarlığın əsası qoyulur. Ümumilikdə qış fəslində quru budamanın aparılmasında məqsəd üzüm kollarını daha tez məhsula salmaq, bol və keyfiyyətli məhsul əldə etməkdir. Mütəxəssislərin sözlərinə görə, budama hər bir tingin bioloji sortuna, eləcə də torpaq-iqlim şəraitinə uyğun nəzərə alınaraq aparılır. Cəlilabad ərazisində bu mühüm aqrotexniki tədbirlərə ötən ilin dekabr ayından start verilib.
Üzümçü Mirhəbib Salmanlı bildirib ki, budama işi fevralın sonlarına qədər yekunlaşacaq. “Mütəxəssislərdən tövsiyə alır, sonra budayırıq. Məhsuldarlıq quru budamasından çox asılıdır. Bundan sonra yaşıl budamaya, yaşıl bağlamaya hazırlıq işləri görüləcək”, - deyə o qeyd edib.
Üzümçülük üzrə mütəxəssis, aqronom İmran Babayevin sözlərinə görə, qida ilə zəngin və rütubətlə yaxşı təmin olunan sahələrdə orta hesabla hər hektar üzümlükdə 220-250 min, başqa rayonlarda isə 160-200 min gözcük saxlanmalıdır. Bu miqdarda saxlanılan gözcüklər bar vaxtı çox yüksək və keyfiyyətli məhsulun alınmasını təmin edir: “Quru budama ən mühüm becərmə üsullarındandır. Budamanın özünün xüsusi texnikası var. Bir rayonda tətbiq olunmuş budama kortəbii şəkildə başqa rayonda tətbiq oluna bilməz”.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayonun 1500 hektara yaxın üzüm bağlarında təxminən 20 növ becərilir. Bu bağların 15 faizini yerli sortlar, digər hissəsini isə xarici üzüm sortları təşkil edir. Ötən il bağlardan 15 min tona yaxın məhsul tədarük olunub. Bunun 7 min tonu texniki sortların, qalan hissəsi isə süfrə üzüm sortlarının payına düşür. Məhsulun 2 min tona yaxını isə Rusiya bazarlarına göndərilib.