İQTİSADİYYAT
FAO fitosanitar yoxlama və diaqnostika xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə bitki və bitkiçilik materiallarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə üçgünlük təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX), Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsinin (DGK) 30 müfəttişi iştirak edib.
FAO-nun Bakı ofisindən AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi beynəlxalq standartlara cavab verən fitosanitar təftiş prosedurları üzrə milli potensialın gücləndirilməsi, Azərbaycanın karantin altında olan zərərverici siyahısı, spesifik zərərvericilər və xəstəliklər haqqında geniş məlumatların verilməsidir.
Tədbir Ümumdünya Ticarət Təşkilatının Standartlar və Ticarətin İnkişafı Qurumu (“Standards and Trade Development Facility”) tərəfindən maliyyələşdirilən və 2016-cı ilin fevral ayından icra edilən fitosanitar xidmətlərin gücləndirilməsi layihəsinin bir hissəsidir. Layihə idxal və ixrac edilən bitki və bitkiçilik mallarının yoxlanılması və təftişi, eləcə də zərərvericilərin laboratoriya şəraitində diaqnostikası istiqamətlərində həyata keçirilir.
DFNX və DGK-nın müfəttişlərinin yararlandığı FAO-nun oxşar təlimləri 2016-cı ilin iyun və 2017-ci ilin aprel aylarında da keçirilib. Bu tədbirlər zərərvericilərin yayılması risklərinin azalmasına, ölkədə bitki sağlamlığının təmin edilməsinə və Azərbaycanda yetişdirilən bitkilərinin və bitkiçilik məhsullarının başqa ölkələrə daha geniş ixracının dəstəklənməsinə yardım göstərib.