ELM VƏ TƏHSİL
Görkəmli etnoqraf-alim Arif Abbasovun apardığı tədqiqatlar bu gün də aktualdır
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradıcısı olan görkəmli alim, AMEA-nın müxbir üzvü Arif Abbasov xarici ölkələrdə keçirilən mötəbər tədbirlərdə ölkəmizi layiqincə təmsil edib. O, Azərbaycan elminin dünyada təbliği istiqamətində səylə çalışıb. Mərhum alimin apardığı tədqiqat işləri bu gün də aktualdır.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 27-də akademiyada keçirilən, Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk direktoru olmuş A.Abbasovun 80 illik yubileyinə həsr edilən “Azərbaycanda 2017-ci ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiyada AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib. O, mərhum alimin arxeologiya və etnoqrafiya elminin inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb.
Son illərdə Azərbaycan arxeoloq və etnoqraflarının dünya elminə verdiyi töhfələrdən söz açan İ.Həbibbəyli diqqətə çatdırıb ki, Arxeologiya və Etnoqrafiya İnstitutunda 2018-ci il noyabrın 5-dən 7-dək Azıx mağarasından azıxantropun sümüyünün tapılmasının 50 illiyinə həsr olunan “Qafqaz erkən paleolit dövründə insanların miqrasiya yolunda” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Tədqiqatlar nəticəsində azıxantropun 400 min il yaşı olduğu təsdiqlənib və elmi dövriyyəyə daxil edilən Quruçay mədəniyyəti elmdə özünün layiqli yerini tutub. Son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz “tədqiqatlar” aparması bir daha bu paleolit düşərgəsinin və oradan əldə edilmiş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruriliyini göstərir.
İ.Həbibbəyli Arxeologiya və Etnoqrafiya İnstitutunun 2017-ci ildəki elmi fəaliyyətini yüksək dəyərləndirib.
Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın “Arif Abbasov - Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk direktoru” mövzusunda məruzəsi dinlənilib. O, A.Abbasovun həyatı, elmi tədqiqatları, Azərbaycanda arxeologiya və etnoqrafiya elminin müstəqillik dövründə dünya çağırışlarına cavab verəcək dərəcədə inkişafı və trasnformasiyasında rolundan söz açıb. Vurğulanıb ki, Azərbaycan elminin inkişafına diqqət ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin prioritetlərindən olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin rəhbəri, akademik Teymur Bünyadov, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri professor Hidayət Cəfərov, tarix elmləri doktoru Əsədulla Cəfərov, antropologiya elmləri doktoru Əliağa Məmmədli görkəmli etnoqraf-alim A.Abbasovun Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının məruzələri ilə davam edib.