QUBA RAYONUNUN RUSTOV KƏNDİNDƏ TARİXİ-MEMARLIQ ABİDƏSİ – MƏSCİDİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 7-də Quba rayonunun Rustov kəndində əsaslı bərpa və təmir işlərindən sonra yerli əhəmiyyətli tarixi-memarlıq abidəsinin - məscidin açılışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarına əsasən, Quba rayonunda 162, o cümlədən 1 dünya əhəmiyyətli, 44 ölkə əhəmiyyətli və 117 yerli əhəmiyyətli abidə dövlət tərəfindən mühafizə edilir.
Həmin qərarla rayonun Rustov kəndindəki məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə edilir.
Məscid 1902-ci ildə bişmiş kərpicdən inşa olunmuşdur. Ötən illər ərzində burada bərpa işləri aparılmadığından abidə qəza vəziyyətinə düşmüşdür.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında «Azər-İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən pilləkənlər, müəyyən yerlərdə kərpic divar, pəncərələr, qapılar, pəncərə şəbəkələri, taxta tavan, dam örtüyü, çardaq nərdivanı, suvaq örtüyü, ornamentlər, güldəstənin taxta döşəməsi, taxta divarlar və tavan, pəncərələr və s. bərpa olunmuşdur. İbadətə gələnlərə şərait yaradılması məqsədilə məscidin həyətində yeni köməkçi bina tikilmiş, abidə ətrafında abadlıq işləri aparılmışdır.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar hadisə - məscidin istifadəyə verilməsi münasibətilə rustovluları, xüsusən burada ibadətlə məşğul olan insanları təbrik etmiş, islami mənəvi dəyərlərin yaşadılmasında və qorunmasında onlara uğurlar arzulamışdır. Prezident İlham Əliyevin tarixi abidələrimizin qorunmasına və ölkəmizdə mədəniyyətin inkişafına göstərdiyi qiqqət və qayğını yüksək qiymətləndirən nazir regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, yaxın illərdə Quba rayonunda «Günbəzli hamam»ın, həmçinin Birinci Nügədidəki məscidin bərpası, turizmin inkişafı ilə əlaqədar bir sıra işlərin görüləcəyini də vurğulamışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Quba rayon ictimaiyyətinin də nümayəndələrinin iştirak etdiyi mərasimdə rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov, memar Nəbi Musayev, məscidin axundu Hacı Naib və başqaları çıxış edərək, qubalılara, tarixi abidələrin bərpasına qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirmişlər.