CƏMİYYƏT
Qarabağın ilk sakinlərinə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək
Bakı, 7 yanvar, AZƏRTAC
Bu il “Böyük Qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin köçməsi gözlənilir. Onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov 2021-ci ilin yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
ANAMA-nın rəhbəri bildirib ki, Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisələrin 5 mindən çox əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub. “Minalanmış ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb. Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanıb. Maarifləndirmə minatəmizləmə əməliyyatlarının mühüm istiqamətlərindən biri olaraq Agentlik tərəfindən davam etdiriləcək. Güc birlikdədir. Bu səbəbdən fürsətdən istifadə edərək vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, gəlin, bir olaq, təmkin göstərək və təhlükəsiz Qarabağımıza sağlam qayıdaq”, - deyə V.Süleymanov qeyd edib.