“Qusar” qəzetinin 80 illik yubileyi qeyd edilmişdir
Qusar, 29 sentyabr (AZƏRTAC). “Qusar” qəzetinin ilk nömrəsinin çapdan çıxmasından 80 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən yubiley tədbirində Milli Məclisin deputatı Azər Badamov, Qusar rayonunun rəhbərliyi, ictimaiyyətin nümayəndələri və bölgədə fəaliyyət göstərən jurnalistlər iştirak etmişlər.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qusar şəhərindəki əzəmətli abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Yubiley mərasimi Qusar Olimpiya İdman Kompleksində davam etdirilmişdir.
“Qusar” qəzetinin redaktoru, Əməkdar Jurnalist Vidadi Sevzixanov bu mətbu orqanın yaranma tarixindən söhbət açmışdır. Bildirmişdir ki, 1932-ci ildə partiya və sovet orqanı kimi “Sosializm tempi” adı ilə təsis edilmiş qəzet sonralar fəaliyyətini “Qızıl Qusar” adı altında davam etdirmişdir. 1992-ci ildən “Qusar” adı ilə Azərbaycan və ləzgi dillərində nəşr olunan qəzet öz səhifələrində rayonun tarixini yaşadır.
Qeyd olunmuşdur ki, ayda 2 dəfə 1.250 nüsxə tirajla çap olunan qəzet gündən-günə inkişaf edən rayonun uğurlarını oxucularla paylaşır.
Çıxış edənlər Azərbaycan jurnalistikasına söz və mətbu azadlığı bəxş etmiş ümummilli lider Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin jurnalistikanın inkişafı istiqamətində həyata keçirdiyi uğurlu siyasəti yüksək qiymətləndirmişlər.
Sonda yubiley münasibətilə ziyafət verilmişdir.