Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Müslüm Maqomayev Azərbaycan opera sənəti tarixində adı qızıl hərflərlə yazılmış böyük sənətkarlardan biridir. Sənətkarı hələ yeniyetməlik yaşlarımdan, musiqi ilə məşğul olduğum dövrlərdən tanıyıram. Atam, görkəmli tarzən Ramiz Quliyev ilə birlikdə onun yubiley konsertlərində iştirak etmişik. Müslüm Maqomayev Azərbaycan musiqisinin, eləcə də milli mədəniyyətimizin gələcəyi ilə daim yaxından maraqlanırdı.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Əyyub Quliyev deyib. O bildirib ki, görkəmli sənətkar gənclərə dəstək olmaq məqsədilə xüsusi portal da yaratmış və onu təqdim etmişdi. Öz ifalarının notlarını, lent yazılarını təmənnasız şəkildə gənclərlə bölüşürdü.
“Müslüm Maqomayev böyük sənətkar olmaqla yanaşı, zəngin mənəviyyata və yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Onun sənəti ilə insanlığı bir-birini tamamlayırdı. Mən onu hər zaman məhz bu xüsusiyyətləri ilə xatırlamışam”, - deyə Əyyub Quliyev qeyd edib.