MƏDƏNİYYƏT


“Rauf Hacıyev 100” adlı videomaterial izləyicilərə təqdim olunub

Bakı, 16 may, AZƏRTAC

Prezident İlham Əliyevin “Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı müvafiq Sərəncamın icrası ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin həyat və yaradıcılığına həsr olunmuş videomaterial hazırlanıb.

AZƏRTAC xəbər verir ki, hazırlanan materialda rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutan Rauf Hacıyevin bir bəstəkar və ictimai xadim kimi fəaliyyətindən bəhs edilməklə yanaşı, bəstəkarın uzun illər ərzində Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlər öz əksini tapıb. Materialda Rauf Hacıyevin yaradıcılığının ilk illərindən, eləcə də bəstəkarlıq sahəsində formalaşmasında dahi Üzeyir Hacıbəylinin müstəsna əməyindən söhbət açılır. On beşə qədər filmə musiqi yazan Rauf Hacıyevin Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulan operettaları və müəllifi olduğu musiqi əsərləri haqqında məlumat verilir. Eyni zamanda Azərbaycan musiqi mədəniyyətində məhz Rauf Hacıyevin operettalarında vokal-simfonik, balet və estrada sənətinin bir-biri ilə üzvi surətdə birləşməsi və bununla da ölkəmizdə bu janrda yeni bir səhifənin açılması vurğulanıb. Materialda Rauf Hacıyevin ictimai fəaliyyətindən də bəhs edilərək, onun 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə mədəniyyət naziri təyin edilməsi, eyni zamanda ictimai fəaliyyəti dövründə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı və Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq Muzeyinin açılması haqqında məlumat verilib. Videomaterialda həmçinin bəstəkarın fotoşəkilləri, musiqisini yazdığı filmlərdən fraqmentlər də nümayiş edilib.

Qeyd edək ki, “Rauf Hacıyev 100” adlı videomaterialla bu linkdən - https://ryl.az/virtual/multimediya tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.