Respublika Gənclər Kitabxanasında “Birgə mütaliə edək” layihəsi çərçivəsində görüş
Bakı, 23 aprel, AZƏRTAC
23 aprel - Dünya Kitab və Müəllif Hüququ Günü ilə əlaqədar “Birgə mütaliə edək” layihəsi çərçivəsində Yasamal rayonu 31 nömrəli orta məktəbin 3-cü və 4-cü sinif şagirdləri Respublika Gənclər Kitabxanasında qonaq olublar.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Aslan Cəfərov müəllimələr Rübabə Abbasova və Natəvan Məmmədovanın rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, onların bu gəlişini kitaba, mütaliəyə olan marağın və sevginin göstəricisi olduğunu söyləyib. Mütaliənin insan həyatında, onun bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışıb, məktəbliləri kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyini tövsiyə edib.
Kitabxana əməkdaşları məktəblilərə kitabxananın iş prinsipi, fondu, fondunda olan uşaq ədəbiyyatı, kitabxanada təşkil edilən sərgilər haqqında məlumat veriblər. Şagirdlər “Xurşidbanu Natəvan poeziyası”, “Yazıçı Mir Cəlal Paşayev”, “Akademik Zərifə Əliyeva” və “Qarabağın zirvə tacı Şuşa - 270” sərgiləri ilə tanış olublar. Sərgilərin təşkilində önəm verilən məqamlar, sərgilənən materialların hansı meyarlar əsasında seçilməsi, “Xurşidbanu Natəvan poeziyası” və “Qarabağın zirvə tacı Şuşa - 270” sərgilərinin Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar təşkil edilməsi haqqında məlumatlandırılıblar.
Sonradan 31 nömrəli orta məktəbin şagirdləri - Fərid Məmmədli, Ülvü Əliyev, Leyla Həmidli, Əli Əliyev və başqaları Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin!” şerini kompozisiya formasında səsləndiriblər. 23 aprel Dünya Kitab və Müəllif Hüququ Gününün tarixi, məqsədi haqqında qısa çıxışlar ediblər, mütaliə, kitab mövzusunda aforizmlər söyləyiblər.
Sonda direktor Aslan Cəfərov 31 nömrəli məktəbin kitabxanasına kitab hədiyyə edib.