Respublika Gənclər Kitabxanasının növbəti tədbiri Şuşaya həsr olunub
Bakı, 17 mart, AZƏRTAC
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Şuşa - dünyanı heyrətləndirən mədəniyyət ocağı” adlı tədbirdə səsləndirilib.
Kitabxananın direktoru Aslan Cəfərov Şuşanın mədəniyyət xadimləri, tanınmış şəxsiyyətləri haqqında məlumat verib.
Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” fakültəsinin tələbələri Şuşanın tarixi, mədəniyyət abidələri barədə çıxış ediblər.
Sonra Şuşaya həsr olunan şeirlər səsləndirilib, “Şuşa fatehləri”, “Şuşa-gözəllər diyarı”, “Şuşa” adlı videoçarxlar nümayiş etdirilib, ardınca “Qarabağın tacı Şuşa -270” virtual kitab sərgisinə baxış keçirilib.