CƏMİYYƏT
Rusiya hökuməti “Azerbaydjanskiye izvestiya” qəzetini mükafatlandırıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan, Almaniya və Latviyada çıxan rusdilli qəzet və jurnalların, müvafiq nəşriyyatların redaksiya heyətləri, habelə Türkiyədə fəaliyyət göstərən “Rus Mədəniyyəti Assosiasiyası” ictimai təşkilatının əməkdaşları Rusiya hökumətinin fəxri fərmanları ilə təltif ediliblər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, təltif haqqında sərəncamı Rusiyanın Baş Naziri Dmitri Medvedev imzalayıb.
Sənəddə göstərilir ki, KİV-lər rus dilinin təbliğinə və vətəndən kənarda yaşayan rusiyalı həmvətənlərin birləşməsinə verdikləri töhfəyə görə təltif ediliblər.
Mükafata “Azerbaydjanskiye izvestiya” qəzeti, Almaniyanın “LTC Media Verlag” nəşriyyat evi, Latviyada çıxan “Otkrıtıy qorod” jurnalı və Türkiyənin “Rus Mədəniyyəti Assosiasiyası” layiq görülüb. Rusiya hökuməti rus dilinin qorunub saxlanmasında və rus icmasının sıx birləşməsində KİV-lərin və ictimaiyyətçilərin xidmətlərini qeyd edib.
Mükafatlandırma mərasimi Ankarada keçirilən Ümumdünya Rus Mətbuatı Konqresi zamanı təşkil edilib. Keçən il Almaniya, İsrail və Qazaxıstanın rusdilli KİV-lərin Rusiya hökumətinin fərmanları ilə təltif edilmişdi.
“Russkiy mir” Fondunun verdiyi məlumata görə, konqresdə dünyanın 60 ölkəsini təmsil edən 250-dən çox jurnalist və redaktor iştirak edib. Tədbir iştirakçıları xarici ölkələrdə rusdilli KİV-lərin işinin vacibliyini qeyd edərək vurğulayıblar ki, rusiyalı həmvətənləri sıx birləşdirən bu KİV-lər Rusiya haqqında həqiqi informasiyanı oxuculara çatdırır.