“Regional İnkişaf” İctimai Birliyi sosial və təhsil layihələrini dəstəkləyir
Bakı, 10 fevral, Xatirə Cəfərova, AZƏRTAC
“Regional İnkişaf” İctimai Birliyi ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında fəal iştirak edir. İctimai Birlik dövlət tərəfindən regionların inkişafı istiqamətində həyata keçirilən tədbirləri dəstəkləməklə, ictimai nəzarət, vətəndaş müraciətlərinə baxılması və onların aidiyyəti qurumlarla birgə həlli istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, elm, təhsil, sosial, səhiyyə, idman, mədəniyyət və digər sahələrdə layihələr icra edən İctimai Birlik bu istiqamətdə müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq qurur. Bürün bu fəaliyyət sosial rifahın gücləndirilməsinə, inklüziv və innovativ təhsil yanaşmalarının tətbiqinə, ekoloji davamlılığın təşviqinə və regionların sosial-iqtisadi inkişafına töhfə verməklə ölkənin dayanıqlı inkişaf məqsədlərinə xidmət edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva məlumat verib. Onun sözlərinə görə, bu fəaliyyətlərin mühüm istiqamətlərindən biri təhsil sahəsini əhatə edir. Təhsil sahəsində əsas prioritet inklüziv və müasir yanaşmaların təşviqidir. “Təhsildə inklüzivlik: müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar”, “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihələri müəllimlərin peşəkar bacarıqlarının gücləndirilməsinə və inklüziv pedaqoji metodların tətbiqinə dəstək göstərib. “İnklüziv təhsil və erkən uşaqlıq dövründə inkişaf (EUDİ)” təşəbbüsü isə erkən yaş mərhələsində uşaqların inkişafına dəstəyin artırılması və inklüziv təhsil mühitinin formalaşdırılması baxımından mühüm rol oynayıb. Eyni zamanda, “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi beynəlxalq yanaşmalar əsasında uşaqların onlayn təhlükəsizliyinin təşviqinə, valideyn və müəllimlərin bu sahədə maarifləndirilməsinə, “Hüquqlarınla parla!” təşəbbüsü isə uşaqlar və gənclər arasında insan hüquqları, vətəndaş məsuliyyəti və aktiv iştirak mədəniyyətinin formalaşdırılmasına xidmət edib.
Müsahibimiz qeyd edib ki, sosial müdafiə sahəsində əsas istiqamətlərdən biri risk qrupuna daxil olan uşaqların müdafiə mexanizmlərinin gücləndirilməsidir. Bu çərçivədə icra olunan “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsi erkən müdaxilə, sosial reinteqrasiya və institusional əməkdaşlığın daha sistemli təşkilinə şərait yaradıb.
Ekoloji istiqamətdə həyata keçirilən layihələr əsasən iqlim dəyişiklikləri və biomüxtəlifliyin qorunması mövzularını əhatə edir. “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi və meşə ekosisteminin bərpası” layihəsi ekosistem əsaslı yanaşmaların tətbiqi, təbii resursların qorunması və iqlimə uyğunlaşma baxımından mühüm nəticələr əldə etməyə imkan verib.
“Bununla yanaşı, elmi və akademik əməkdaşlıq sahəsində “AZLİNQ – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq konfrans artıq beş ildir ki, davamlı şəkildə təşkil olunaraq dilçilik sahəsində aktual mövzuların müzakirəsi və elmi əməkdaşlığın genişlənməsi üçün platforma yaradır.
Regionların inkişafı istiqamətində həyata keçirilən “Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” layihəsi yerli icmaların iqtisadi potensialının gücləndirilməsinə, dayanıqlı məşğulluğun təşviqinə və regionlarda alternativ gəlir mənbələrinin yaradılmasına xidmət edib”, - deyə G.L.Hacıyeva bildirib.