Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələr ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verməyə hazırdırlar
Astana, 10 fevral, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Astanada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyində azərbaycanlı tələbələrlə tanışlıq və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə təşkil olunub. Görüşdə 12 tələbə iştirak edib.
Diplomat Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin möhkəmləndirilməsində gənclərin mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, Qazaxıstanda təhsil alan tələbələr gələcəkdə iki qardaş ölkə arasında körpü rolunu oynaya və münasibətlərin inkişafına töhfə verə bilərlər.
Ağalar Atamoğlanov tələbələrin qazax dilini öyrənməsinin vacibliyini xüsusi qeyd edib.
Tələbələr keçirdikləri tədbirlərdən, həmçinin Qazaxıstanda Azərbaycanı necə təmsil etdiklərindən danışıblar. Onlar qazax auditoriyası arasında Azərbaycan mədəniyyəti və ənənələrinin tanıdılmasına yönəlmiş mədəni və təhsil layihələrində iştirak təcrübələrini bölüşüblər.
Görüş iştirakçıları Qazaxıstanda Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra təkliflər səsləndiriblər.
Tələbələr mədəni tədbirlərdə fəal iştirak etməyə və iki ölkə arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana