AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan “İdeyadan nəticəyə: gender bərabərliyi ilə STEM-in yeni üfüqləri” mövzusunda konfrans təşkil edilib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Rəyasət Heyətinin və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Konfransı açan AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bu əlamətdar günün BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən bütün dünyada, o cümlədən Azərbaycanda geniş şəkildə qeyd olunduğunu və bu çərçivədə elmdə gender bərabərliyi mövzusunun mühüm prioritet kimi gündəmdə saxlanıldığını vurğulayıb.
Akademik İradə Hüseynova bildirib ki, UNESCO tərəfindən 2026-cı il üçün müəyyən edilən “Vizyondan real təsirə: gender bərabərliyi ilə STEM-in yeni üfüqləri” mövzusu qadınların elm və texnologiya sahələrində ideyalardan real nəticələrə keçidini təşviq edir. Bu yanaşma qızların erkən yaşlardan STEM təhsilinə çıxışının genişləndirilməsini, stereotiplərin aradan qaldırılmasını, qadın alimlərin liderlik mövqelərində təmsilçiliyinin artırılmasını əsas məqsəd kimi qarşıya qoyur.
AMEA-nın vitse-prezidenti çıxışında Azərbaycanın zəngin elmi və mədəni ənənələrə malik olduğunu, tarixən qadınların elmin inkişafında fəal rol oynadıqlarını diqqətə çatdırıb.
“Hazırda Azərbaycan elmində baş verən sistemli transformasiya proseslərində gender balansı mühüm göstəricilərdən biri kimi çıxış edir”, – deyən alim bu istiqamətdə statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, ölkədə elmi tədqiqatçıların təxminən 58 faizini qadınlar təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən yüksəkdir. Vitse-prezident əlavə edib ki, STEM sahələri üzrə təhsil alan qadınların payının artması, eləcə də qadın alimlərin rəhbər vəzifələrdə təmsil olunması gələcək innovasiya və texnoloji inkişafın daha inklüziv xarakter alacağını göstərir.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva müasir dövrdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olduğunu söyləyib. O, Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə qadınların rolunun artırılmasına xüsusi əhəmiyyət verdiyini bildirib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
“Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir”, - deyən akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində bariz şəkildə təqdim olunur.
Akademik Gövhər Baxşəliyeva çıxışında elm və təhsil sahəsində mühüm uğurlar qazanan qadınların cəmiyyətin ictimai həyatında artan rolundan, ölkənin inkişafına verdikləri töhfələrdən bəhs edib. O, tarixə ekskurs edərək elm sahəsində bir sıra yeniliklərin müəllifi olmuş, öz məktəbini yaratmış görkəmli qadın alimlərimiz haqqında məlumat verib.
Daha sonra AMEA-nın Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün qeyd olunmasının əhəmiyyətinə diqqət çəkib. Şura sədri ölkəmizdə rəhbər vəzifələr tutan qadınların sayının az olmadığını bildirərək, AMEA-da da qadınların elmi idarəçilik sahəsində kifayət qədər fəal olduqlarını vurğulayıb. Elm sahəsində təmsil olunan qadınların statistik göstəricilərini təqdim edən professor Rəna Mirzəzadə hazırda AMEA-da 1977 qadın əməkdaşın fəaliyyət göstərdiyini söyləyib, onlardan 385-nin elmlər doktoru, 269-nun isə fəlsəfə doktoru olduğunu diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər elm və texnologiyanın sürətli inkişafı fonunda gender bərabərliyinin təmin olunmasının vacibliyini vurğulayıb, süni intellekt və rəqəmsal platformalar kimi innovativ yanaşmaların həm elmi tədqiqatların səmərəliliyinin artırılmasında, həm də qadınların STEM sahələrində imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.