AKTİ-nin sədri: "Şəhərsalma və Memarlıq İli”ndə könüllülərimizin tədbirlərdə fəal iştirakı nəzərdə tutulur
Bakı, 10 fevral, Günel Türksoy, foto- Azər İbrahimov, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) illik fəaliyyətini strateji məqsədlərə əsaslanaraq həyata keçirir. 2026-cı ildə də könüllülük modelinin inkişafı istiqamətində müxtəlif sistemli və məqsədyönlü layihələrin icrası nəzərdə tutulur. Bu layihələr çərçivəsində könüllülüyün inkişafı, könüllü sahəsində fəaliyyət göstərən peşəkar kadrların yetişdirilməsi, eyni zamanda, könüllülərin məşğulluğunun təmin edilməsi əsas prioritetlərimizdəndir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev deyib.
O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu xatırladaraq qeyd edib ki, bu il çərçivəsində könüllülərin həm azad edilmiş ərazilərdə, həm də ölkə üzrə həyata keçirilən tədbirlərdə fəal iştirakı nəzərdə tutulur. Sözügedən proseslərdə könüllülərin rolunun artırılması əsas məqsədlərdən biridir: “Eyni zamanda, BMT-nin müvafiq qətnaməsinə əsasən, 2026-cı il “Dünya Könüllülər İli” elan olunub. Bu fakt da könüllülüyün inkişafı istiqamətində atacağımız addımları daha da gücləndirməyə əsas verir. Bu çərçivədə həm rayon, həm də yerli səviyyədə könüllülük sahəsində səmərəli fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. Könüllülərimiz hazırda dövlət qurumlarında və müxtəlif təşkilatlarda fəaliyyət göstərməklə yanaşı, beynəlxalq tədbirlərdə də peşəkar şəkildə iştirak edirlər. Bu isə onların dövlətə və dövlətçiliyə sadiqliyinin bariz nümunəsidir.Gənclərimizin asudə vaxtının səmərəli təşkili və onların könüllülük fəaliyyətinə cəlb olunmasının artırılması əsas prioritetlərdəndir”,- deyə Vüqar Əliyev qeyd edib.