İDMAN
Sənan Qurbanov: Bu qələbə bizə çox lazım idi
Bakı, 21 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Son matçımızda yaxşı oynamasaq da, digər görüşlərdə inkişaf var idi. Bunu təhlillər də göstərirdi. Amma nəticə olmadıqca, futbolçular da üzülürdü. Onlar çox əsəbi idilər və “Neftçi” ilə oyunun başlanmasını gözləyirdilər. Bu qələbə bizə çox lazım idi. Matçdan sonra arxayınlaşa bilmərik. Xal ehtiyatımız çox deyil. Yaxşı oynasaq da, təhlillər aparıb, daha da inkişaf etməyə çalışacağıq. Qarşıda 2-ci, 3-cü, 4-cü dövrə var. Bu qələbəni unudub, növbəti matça hazırlaşacağıq. Təmkinin Xəlilzadənin qırmızı vərəqəsinə çox məyusam. Düşünürəm bu itkimiz oyunun gərginliyi oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının VIII turunun “Neftçi” ilə qazanılan qələbədən (3:1) sonra təşkil olunmuş mətbuat konfransında deyib.
“Məğlubiyyətlərdən sonra klub şəklində birləşdik. Topaz Premyer Liqasındaki fasilə də bu baxımdan xeyrimizə oldu. Bu zamandan yaxşı istifadə etdik. Futbolçularla həm fərdi, həm komanda şəklində söhbətlər apardıq. Bir ailə olmağı bacardıq. İlk dövrədə bəzən yaxşı oynasaq da, nəticə qazana bilmirdik. Bu da oyunçulara psixoloji təsir edirdi. Gərginliyi aradan qaldırdığımız üçün sevinirəm. Həm azarkeşlərimizi, həm futbolçuları parlaq qələbə münasibətilə təbrik edirəm. Aqil Məmmədovu xüsusi təbrik etməyi lazım bilirəm. Bu gün çox yaxşı oynadı. Belə oyunun səbəbi məşqlərdə istəkli olmasıdır. Neçə vaxtdır şansını gözləyirdi və bundan çox yaxşı istifadə etdi” – deyə 38 yaşlı mütəxəssis əlavə edib.