ELM VƏ TƏHSİL
Türkiyənin Kastamonu Universitetinin professoru Azərbaycan Turizm İnstitutunda mühazirələr oxuyub
Bakı, 30 sentyabr (AZƏRTAC). Türkiyənin Kastamonu Universitetinin professoru Muharrem Avcı Azərbaycan Turizm İnstitutunun (ATİ) tələbələrinə Mövlanə Mübadilə Proqramı çərçivəsində “Turizmə giriş” və “ Turizmdə yazlı və şifahi əlaqə metodları” mövzularında mühazirələr oxuyub.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M. Avcının institut rəhbərliyi və fakültə dekanları ilə görüşündə təhsilin inkişafı barədə fikir mübadiləsi də aparılıb.
Xatırladaq ki, 2013-cü ildən ATİ Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edir. Bu il ATİ-nin 4 tələbəsi proqram çərçivəsində Türkiyə universitetlərində bir semestr təhsil almaq imkanı qazanıb. Tələbə mübadiləsi ilə yanaşı, ATİ-nin 2 müəllimi cari ildə Türkiyənin Akdeniz və Qazi universitetlərində mühazirə oxuyacaq.
2015-ci ildən isə ATİ-nin tələbələri proqram çərçivəsində Kastamonu Universitetində bir semestr təhsil ala biləcəklər.