RƏSMİ XRONİKA


“XƏZƏR-LƏNKƏRAN” FUTBOL KLUBUNUN YENİ STADİONU İSTİFADƏYƏ VERİLMİŞDİR

Avqustun 11-də Lənkəran şəhərində “Xəzər-Lənkəran” futbol klubunun yeni stadionu istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir. İdmançılar və gənclər dövlətimizin başçısını və xanımını stadionun girəcəyində böyük hörmətlə qarşıladılar.

“Xəzər-Lənkəran” futbol klubunun prezidenti Mübariz Məsimov dövlətimizin başçısına məlumat verdi ki, 15 min tamaşaçı tutan və örtülü tribunaları olan bu stadion UEFA-nın standartlarına tam uyğundur və burada beynəlxalq yarışlar da keçirmək mümkündür. “Palmali” şikətlər qrupunun maliyyə vəsaiti (15 milyon ABŞ dollarından çox) ilə tikilən stadionda 25 kvadratmetrlik işıq tablosu quraşdırılmış, uşaq futbolunun inkişafı üçün xüsusi meydança yaradılmışdır. Burada 100 yerlik mehmanxana da inşa edilmiş, 150-dən çox insan daimi işlə təmin olunmuşdur.

Prezident İlham Əliyev yeni stadionu yüksək qiymətləndirdi, bunun ölkəmizdə, o cümlədən Lənkəranda futbolun və digər idman növlərinin inkişafına təkan verəcəyini vurğuladı. O, stadionu gəzərək yeniyetmə futbolçularla, həmin gün qarşılaşacaq “Xəzər-Lənkəran” və “Neftçi” futbol komandalarının məşqçiləri və oyunçuları ilə görüşdü, onlara uğurlar arzuladı.

Dövlətimizin başçısı meydançanın mərkəzində topa ilk zərbə endirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin