DÜNYA
Yaponiyada F-35A qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb
Tokio, 10 iyun, AZƏRTAC
Aprelin əvvəllərində Yaponiya özünümüdafiə qüvvələrinin F-35A qırıcısının Sakit okeanda qəzaya uğramasının əsas səbəbi insan amilidir. Belə ki, hava gəmisinin pilotu məkanda istiqamət götürmə və hündürlüyü hissetmə qabiliyyətini itirib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu nəticə radardan götürülən informasiyaların və məşq zamanı qırıcılar arasında danışıqların təhlilindən sonra əldə edilib. Həmin məlumatlara görə, 41 yaşlı pilot təyyarəni tərk etməyə cəhd göstərməyib və bu da onun qəzadan öncə istiqamətlənmə hissini itirdiyini təsdiq edir.
Təhqiqatın nəticələri iyunun 10-da müdafiə naziri Takeşi İvaya tərəfindən keçirilən mətbuat konfransı zamanı açıqlanıb. Bununla yanaşı, nazir bildirib ki, Tokio həmin növ qırıcılardan imtina etməyəcək.
Xatırladaq ki, Yaponiya özünümüdafiə qüvvələrinin F-35A qırıcısı aprelin 9-da qəzaya uğrayıb. Onun parçaları Sakit okeanda, Aomori prefekturası yaxınlığında aşkar edilib. Pilotun itkin düşdüyü bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio