Şəbnəm İsayeva: Ağır metallarla çirklənmiş torpaqların bərpası mərhələli şəkildə aparılmalıdır
Bakı, 25 may, AZƏRTAC
Layihə şoranlaşmış və ağır metallarla çirklənmiş ərazilərin ekoloji cəhətdən təhlükəsiz şəkildə bərpası və urban mühitə inteqrasiyasına həsr olunub. Bu tip ərazilərdə əsas problem yalnız estetik deyil. Şoranlaşma bitkilərdə su balansını pozur, ağır metallar isə toksik təsir göstərərək həm bitkilərin inkişafını məhdudlaşdırır, həm də insan sağlamlığı üçün ciddi risk yaradır. Bu səbəbdən belə ərazilərdə birbaşa park və ya yaşayış kompleksi salmaq düzgün deyil.
Bunu AZƏRTAC-a açıqlamasında biologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi Şəbnəm İsayeva söyləyib.
O vurğulayıb ki, layihənin əsas məqsədi torpağın bərpası, ekoloji risklərin azaldılması və təhlükəsiz yaşayış mühitinin yaradılmasıdır.
Bu məqsədlə ərazi 4 əsas zonaya bölünür. Birinci zona – kritik zonadır. Bu sahədə həm şoranlıq, həm də ağır metal çirklənməsi yüksəkdir. Burada yalnız fitoremediasiya tədbirləri həyata keçirilir və əraziyə giriş qadağandır. Ardınca– bərpa zonasıdır. Bu hissədə halofit bitkilər, məsələn Salicornia və Atriplex istifadə olunaraq torpaq tədricən bərpa edilir. Eyni zamanda, mikoriza və Trichoderma kimi faydalı mikroorqanizmlər tətbiq edilərək bitkilərin stresə davamlılığı artırılır. Həmçinin günəbaxan kimi bitkilərin əkilməsi yüksək fayda verir.
İkinci zona – park zonasıdır. Bu sahədə artıq torpaq nisbətən stabilləşdiyi üçün davamlı və uyğun seçilmiş bitkilərlə rekreasiya mühiti yaradılır. Yaşayış zonası-bu ərazi tam təhlükəsiz hesab olunur və burada klassik yaşıllaşdırma və yaşayış infrastrukturu yerləşdirilir.
Ağır metallarla çirklənmiş sahələrdə əsas yanaşma fitostabilizasiyadır. Yəni metalların torpaqda hərəkəti məhdudlaşdırılır. Bəzi hallarda isə fitoekstraksiya tətbiq olunur, lakin bu zaman istifadə olunan bitkilər mütləq sahədən çıxarılmalıdır. Layihədə əlavə olaraq yaşıl damlar, vertikal yaşıllaşdırma və yosun əsaslı biopanellər də nəzərdə tutulmuşdur. Lakin qeyd etmək vacibdir ki, bu sistemlər ekoloji effekti artıran əlavə komponentlərdir”,-deyə Şəbnəm İsayeva əlavə edib.