Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür
Şəki, 25 may, AZƏRTAC
Son günlər havaların qeyri-sabit keçməsi və güclü leysan yağışlarının yağması nəticəsində Şəki rayonundan keçən dağ çaylarında suyun səviyyəsi bir neçə dəfə artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, sel suları ötən gün də bir sıra fəsadlara səbəb olub. Ucqar Cunud kəndini rayon mərkəzi və digər qonşu yaşayış məntəqələri ilə birləşdirən yolun üzərindəki su ötürücü sel suları nəticəsində yenə də dağılıb. Ötən gecədən kəndin mərkəzlə əlaqəsi kəsildiyindən rayon yol-istismar idarəsinin müvafiq maşın və texnikaları səhərin erkən saatlarında əraziyə cəlb olunub, yolun bərpası istiqamətində iş aparılıb. Sakinlər il ərzində bir neçə dəfə belə problemlə qarşılaşdıqlarını, hadisənin təkrar yaşanmaması üçün müvafiq təşkilatlardan yeni körpünün inşasını xahiş edirlər.
Yağan güclü leysan yağışlarından sonra Baş Şabalıd yaşayış məntəqəsinə gedən yolun üzərindəki körpünü də sel dağıdaraq yararsız hala salıb. Kənd bələdiyyəsinin sədri Məharət Məmmədov bildirir ki, Quruçay üzərindəki bu ötürücü körpü də üç gün əvvəl bərpa olunmuşdu. Lakin axşamdan yağan güclü leysan onu növbəti dəfə yararsız vəziyyətə salıb. Müvafiq təşkilatlar dərhal hadisə yerinə cəlb olunub, həm sel sularının axını nəzarətə götürülüb, həm də sakinlərin keçidi istiqamətində iş aparılıb.
Son bir həftədə Böyük Qafqazın cənub ətəklərində yerləşən Şəkinin dağ çaylarına gələn sel su meliorasiya sistemləri sahəsində çalışanların işlərini daha da çətinləşdirib. İdarənin rəis müavini Əsgər Abdullayev bildirir ki, leysan xəbərdarlığı alan gündən idarənin bütün maşın və texnikaları dağ çaylarının sahillərinə cəlb olunub, fasiləsiz olaraq 24 saat ərzində növbəlilik təşkil olunub. Əsgər Abdullayev bildirir ki, güclü leysan yağışlarından sonra çaylarda su səviyyəsi üç dəfəyə yaxın artıb. Belə ki, Daşağılçay, Küngütçay, Zəyzidçay, Quruçay, Kişçay və Şinçayın hövzələrində sahilbərkitmə işlərinin aparılmasına baxmayaraq, leysan yağışları bəzi torpaq bəndlərin yuyulmasına, nəticə etibarilə təhlükəli vəziyyətin yaranmasına səbəb olsa da, idarənin ağır texnika və maşınlarının, əməkdaşların fasiləsiz iş başında olması gözlənilən bütün təhlükələrin aradan qaldırılması ilə nəticələnib. Rəis müavininin sözlərinə görə, baş verən sel daşqınları zamanı Baş Kümcüt kəndinin mərkəzindən keçən çayın üzərindəki keçid körpünü, eləcə də Zəyzidçay ərazisində sel suları 3 ötürücü körpünü yuyub aparıb. Həmçinin Cunud və Baş Şabalıd kəndlərinə gedən yolların üzərindəki ötürücü körpülər də sel daşqınlarına məruz qalıb. O bildirib ki, ölkəmizdə dağıdıcılığına, daşqınların səviyyəsinə görə fərqlənən Şin çayında qabaqlayıcı tədbirlər daha da gücləndirilib. Belə ki, çayın “Kilsəburun” ərazisindən keçən hissəsində məcrasında qalması və axının maneəsiz keçməsi üçün bir neçə ağır texnika ərazidə fasiləsiz işləyərək gözlənilən təhlükəni minimuma endirib. Görülən bu tədbirlər rayonun bir neçə iri yaşayış məntəqəsini sel təhlükəsindən qorumaqla yanaşı, həm də yüz hektarlarla əkin sahələrini də sel təhlükəsindən mühafizə edib. Rəis müavini bu səbəbdən çayın axını boyu gün ərzində bir neçə texnikanın məcratənzimləmə işləri apardığını, axşamlar isə növbəli nəzarət həyata keçirildiyini bildirib.
Müxbir - Rasim İslamoğlu