Fransanın ədliyyə naziri ölkədə dəyişikliklərin həyata keçirilməsini təklif edib
Paris, 25 may, AZƏRTAC
Fransanın ədliyyə naziri Jerald Darmanən ölkədə qanuni immiqrasiyanın üç il müddətinə dayandırılmasını və miqrasiya kvotalarının tətbiqi üçün Konstitusiyanın dəyişdirilməsini təklif edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “Journal du Dimanche” qəzetinə verdiyi müsahibədə bildirib.
Nazir, həmçinin 2027-ci il prezident seçkisində namizədliyini irəli sürə biləcəyini istisna etməyib.
“Fransa inteqrasiya və assimilyasiya baxımından artıq kritik həddə çatıb. Biz inteqrasiya və assimilyasiya imkanlarımızın son həddinə çatmışıq. Buna görə də miqrasiya siyasətində ciddi dəyişikliklərə ehtiyac var”, - deyə o vurğulayıb.
Bu çərçivədə Darmanən mövcud sistemin əsaslı şəkildə dəyişdirilməsinin vacibliyini diqqətə çatdırıb: “Bugünkü formada immiqrasiyaya son qoymaq lazımdır”.
O əlavə edib ki, qarşıdakı prezident seçkisində bu məsələ əsas siyasi mövzulardan biri olacaq. Nazir, xüsusilə, əmək fəaliyyəti üçün verilən yaşayış icazələrinin artıq ailə birləşməsinə imkan verməməsini təklif edir.
Jerald Darmanən daha sonra Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, hazırkı tövsiyə xarakterli mexanizmlər əvəzinə məcburi miqrasiya kvotaları tətbiq edilməlidir. “Mən Konstitusiyanın dəyişdirilməsini və məhdudlaşdırıcı məcburi kvotaların müəyyənləşdirilməsini təklif edirəm. Bu məsələ ilə bağlı referendumun keçirilməsini dəstəkləyirəm”.
Darmanen, eyni zamanda diqqətə çatdırıb ki, 2027-ci il prezident seçkisi ilə bağlı qərarı yalnız ölkəsinin maraqlarını nəzərə alaraq verəcək. “Bir il ərzində çox şey dəyişə bilər”, - deyə o bildirib.
Nazir, həmçinin deyib ki, hazırda prezident seçkisi ilə bağlı Eduar Filip ən əlverişli mövqedədir. Qabriel Attal proqressiv sosial-demokratiyanı, Bruno Retailleau isə mühafizəkar sağ siyasəti təmsil edir.