Valideyn himayəsindən məhrum uşaqlara onlayn təhlükəsizlik qaydaları öyrədilib
Bakı, 25 may, AZƏRTAC
“KOICA Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə icra olunan “Uşaqlara kiberqayğı 2” qrant layihəsi çərçivəsində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici təlim təşkil edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlim zamanı valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara onlayn mühitdə qarşıya çıxa biləcək risklər, fərdi məlumatların konfidensiallığının qorunması yolları, sosial şəbəkələrdən düzgün yararlanmaq və kibergigiyena normalarına riayət etmək qaydaları ətraflı şəkildə izah olunub.
Müzakirə formatında keçən təlimdə uşaqları maraqlandıran suallar cavablandırılıb, sonda iştirakçılara sertifikatlar və xüsusi hədiyyələr təqdim olunub.
Xatırladaq ki, “Uşaqlara kiberqayğı” layihəsi sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və internetdən istifadə zamanı fərdi məlumatların mühafizəsi barədə maarifləndirmək məqsədi daşıyır.