® “F-Holdinq” Azərbaycanda kənd təsərrüfatına xarici investisiyaların artırılmasında maraqlıdır
“F-Holdinq” Azərbaycanda kənd təsərrüfatına xarici investisiyaların artırılmasında maraqlıdır.
“F-Holdinq”in icraçı direktoru Kənan Sadıqov bildirib ki, şirkət beynəlxalq investisiya sahəsində fəaliyyət göstərən holdinqdir və əsas investisiya tərəfdaşlarından biri İspaniyadır. Onun sözlərinə görə, “F-Holdinq” müxtəlif ölkələrdə fərqli istiqamətlər üzrə layihələr həyata keçirsə də, prioritet fəaliyyət sahələrindən biri kənd təsərrüfatıdır.
Kənan Sadıqov qeyd edib ki, holdinq kənd təsərrüfatı sektorunda genişmiqyaslı layihələr reallaşdırır və bu istiqamətdə beynəlxalq əməkdaşlıq əlaqələrini davamlı olaraq genişləndirir. Hazırda İspaniya ilə sıx əməkdaşlıq edən şirkət gələcəkdə digər ölkələrin investorları ilə də birgə layihələr həyata keçirməyi planlaşdırır.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir və bu potensial xarici investorlar üçün geniş imkanlar yaradır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixində imzaladığı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam aqrar sektorun inkişafı ilə bağlı dövlətin strateji prioritetlərini bir daha ortaya qoyur. Dövlət Proqramında kənd təsərrüfatına innovativ yanaşmanın tətbiqi, müasir texnologiyaların genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixrac potensialının artırılması və xarici investisiyaların təşviqi əsas hədəflər kimi müəyyən edilib.
Kənan Sadıqov bildirib ki, “F-Holdinq” də məhz bu dövlət siyasətindən irəli gələn prioritetləri rəhbər tutaraq, xüsusilə İspaniyadan və digər Avropa ölkələrindən investisiyaların Azərbaycana cəlb olunması istiqamətində fəal fəaliyyət göstərir.
Onun sözlərinə görə, şirkət aqrar sektorda uzunmüddətli layihələrin həyata keçirilməsi, innovativ texnologiyaların tətbiqi, müasir istehsal və emal müəssisələrinin yaradılması, eləcə də beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi istiqamətində əməkdaşlığa böyük önəm verir.
İcraçı direktor əlavə edib ki, kənd təsərrüfatına yönələn investisiyalar təkcə iqtisadi inkişaf baxımından deyil, həm də qlobal ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması və regionların sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Onun fikrincə, Azərbaycanın aqrar sektoru xarici investorlar üçün geniş perspektivlər və etibarlı tərəfdaşlıq imkanları təqdim edir. Bu baxımdan, “F-Holdinq” ölkənin kənd təsərrüfatı sektoruna xarici sərmayənin cəlb olunmasına və dövlətin müəyyən etdiyi strateji hədəflərin reallaşdırılmasına öz töhfəsini vermək niyyətindədir.