CƏMİYYƏT
® Füzuli şəhərində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tibbi sosial aksiya keçirilib
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, “Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” və “Avita” MMC şirkətinin birgə təşkilatçılığı ilə Füzuli şəhərində qazi və şəhid ailələrinin üzvləri və sakinlər üçün 8 Noyabr - Zəfər Gününə həsr edilmiş növbəti tibbi sosial xeyriyyə aksiyası keçirilib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının tibb personalı, “Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti”nin nümayəndələri və Füzuli şəhər sakinləri iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev tədbirdə çıxış edərək bildirib ki, tibbi aksiyada Füzuli şəhər sakinlərinə, qazı və şəhid ailəsi üzvlərinə tibbi xidmətlərin göstərilməsi üçün yüksəkixtisaslı tibb heyəti və müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital ezam olunub. Qeyd edilib ki, 8 Noyabr - Zəfər Günü ərəfəsində işğaldan azad olunmuş Füzuli torpağında gömrükçülər, Mərkəzi Gömrük Hospitalının həkimləri öz vəzifə borclarını yerinə yetirərək ehtiyacı olanlar üçün müayinələr keçirəcək, lazım olan müalicələri təyin edəcək və müalicə əsasında resept üzrə yazılmış dərmanlar paylayacaqlar.
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri Şəbnəm Əlirzayeva, Təranə Göyüşova, Nazilə Hüseynova, Mehriban Məmmədova, Lalə İbrahimova, Tükəzban Abdullayeva, Emin Allahverdiyev, Samir Mustafayev, Nigar Məmmədova, Vüsal Cəfərov, Aybəniz Zeynalova, Könül Həsənova və uroloq Elxan Qasımov rayon sakinlərinə kardioloji, uroloji, endokrinoloji, pediatrik, radioloji, nevroloji, ginekoloji, oftalmoloji və cərrahi xidmətlər göstəriblər. USM, EKQ, EXO və digər tibbi avadanlıqlar vasitəsilə müayinə zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Həmçinin xeyriyyə aksiyası zamanı müayinə keçən sakinlərə resept üzrə yazılmış dərman preparatları paylanılıb. Ümumilikdə aksiyada 250 nəfərə tibbi xidmətlər göstərilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən müxtəlif illərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və Füzuli rayonunun Horadiz şəhərində, Zəngilanın Ağalı kəndində, Tərtərdə və rayonun Talış kəndində, Lənkəranda, Astarada, Yevlaxda və digər regionlarda qazi və şəhid ailəsi üzvləri və əhali üçün sosial tibbi aksiyalar davamlı olaraq keçirilib.