Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” Şirkətinin (AİMKL) Azərbaycandakı nümayəndəliyinin hasilat işləri həyata keçirdiyi Ağdərə rayonunun Canyataq kəndində yerləşən “Dəmirli” Filiz Emalı Kompleksi Qarabağ iqtisadi rayonunda “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan müəssisə kimi regionda məşğulluğun təmin olunmasına verdiyi töhfəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi təşəkkürnamə ilə təltif edilib.
Hazırda “Dəmirli” Filiz Emalı Kompleksində birbaşa əmək müqaviləsi əsasında çalışan əməkdaşların 62 faizini keçmiş məcburi köçkün statusuna malik şəxslər təşkil edir. Kompleksdə uzunmüddətli podratçı şirkətlərin əməkdaşları da daxil olmaqla, ümumilikdə 1342 nəfər daimi işlə təmin olunub.

Ümumilikdə şirkətin Azərbaycanın müxtəlif bölgələrində yerləşən mədən və geoloji kəşfiyyat sahələrində, o cümlədən uzunmüddətli podratçı şirkətlərin əməkdaşları da nəzərə alınmaqla, 2882 nəfər çalışır. Əməkdaşlardan 450 nəfər keçmiş məcburi köçkün, 122 nəfər müharibə veteranı, 14 nəfər isə şəhid ailəsi üzvüdür.

Şirkətdən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlanıldığı ilk gündən əsas məqsədlərdən biri yeni və dayanıqlı iş yerlərinin yaradılması, yerli əhalinin, xüsusilə keçmiş məcburi köçkünlərin və doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir. İşə qəbul prosesində müvafiq peşə hazırlığına, bilik və bacarıqlara malik, habelə vəzifə tələblərinə cavab verən namizədlərin işə qəbuluna xüsusi diqqət yetirilir.
“Bizim üçün “Dəmirli” Filiz Emalı Kompleksində fəaliyyət yalnız istehsalın təşkili ilə məhdudlaşmır. Yerli kadr potensialının inkişafı, peşəkar bilik və bacarıqların artırılması, insanların öz doğma torpaqlarında əmək fəaliyyəti ilə məşğul olması xüsusi əhəmiyyət daşıyır. Qarabağın iqtisadi dirçəlişinə və Böyük Qayıdış proqramına töhfə vermək bizim üçün həm böyük qürur, həm də mühüm sosial məsuliyyətdir. AİMKL olaraq bundan sonra da işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun dayanıqlı sosial-iqtisadi inkişafına dəstəyimizi davam etdirəcəyik”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli” yataqlarının işlənməsi və hasilatın pay bölgüsü üzrə dövlətin təmsil səlahiyyəti “AzerGold” QSC-yə verilib. Saziş çərçivəsində mədənlərin idarə olunması, hasilat, ətraf mühitin mühafizəsi və sosial məsuliyyət sahəsində fəaliyyət “AzerGold” QSC-nin nəzarəti altında “R.V. Investment Group Services LLC”nin əməliyyat şirkəti qismində çıxış edən AİMKL tərəfindən həyata keçirilir.
Dövlət təmsilçiliyi çərçivəsində “AzerGold” QSC-nin dəstəyi ilə hasilat və emal göstəricilərində mühüm artım qeydə alınıb. Ötən il qeyri-neft sektoru üzrə özəl ixracatçıların reytinqində birinci pilləyə yüksələn şirkət 2026-cı ilin ilk 8 ayı üzrə də liderliyini qoruyub. Eyni zamanda, şirkətin sosial məsuliyyət layihələrinin miqyası genişlənmiş, yerli icmalarla əməkdaşlığı daha sistemli və əhatəli xarakter alıb.