"AzerGold" QSC-də 20 Yanvar şəhidləri anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da "AzerGold" QSC 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. "AzerGold" QSC-nin rəhbər və işçi heyəti ilə yanaşı, tədbirdə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının təşkilatçısı Nəriman Əliyev də iştirak edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun idarə heyətinin üzvü, sədrin müavini Oqtay Məmmədov 20 Yanvar faciəsini Azərbaycan xalqının mübarizliyini sındırmaq cəhdi kimi qiymətləndirərək, dini və milli mənsubiyyətindən asılı olmayaraq dinc insanların vəhşicəsinə qətlə yetirilməsinin insanlığa qarşı ağır cinayət olduğunu qeyd edib.
Sədr müavini bu qanlı faciəyə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təkidi və təşəbbüsü ilə hüquqi-siyasi qiymət verildiyini, bu gün də 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və zərərçəkənlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunduğunu, faciə qurbanlarının xatirəsinin hər il bütün ölkə ərazisində anıldığını vurğulayıb.
Faciənin canlı şahidi Nəriman Əliyev silahlı hərbçilərin əliyalın, günahsız insanlara qarşı törətdikləri cinayətlərdən danışaraq, Azərbaycan xalqının qəhrəmanlığı və əzmkarlığından bəhs edib.
Tədbir iştirakçıları bu qanlı cinayətin əbədi olaraq Azərbaycanın qan yaddaşında qalacağını deyərək, onun xalqımızın azadlıq eşqini söndürə bilmədiyini vurğulayıblar.