İDMAN
ABF prezidentinin müşaviri: Boks gecələrini Qarabağda da keçirməyi nəzərdə tuturuq
Bakı, 27 sentyabr, AZƏRTAC
"Bakıda güclü boksçuların iştirakı ilə mötəbər gecənin keçirilməsi Azərbaycanda bu idman növünün inkişafı üçün yeni bir mərhələnin başlanğıcı deməkdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov Bakıda keçiriləcək boks üzrə IBA Çempionlar Gecəsindən öncə təşkil olunan idmançıların çəki və üz-üzə mərasimində jurnalistlərə açıqlamasında deyib.
O, bu yarışın idmançılara stimul verəcəyinə inandığını bildirib: "İlk dəfədir peşəkar səviyyədə Azərbaycanda boks gecəsi baş tutacaq. Bu yarış yerli boksçuların dünya səviyyəsinə yüksəlməsinə töhfə verəcək".
S.Hüseynov ABF-nin növbəti illərdə də boks gecələri təşkil edəcəyini diqqətə çatdırıb: "İldə bir neçə dəfə boks gecələrinin keçirilməsi nəzərdə tutulub. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də belə bir vacib yarış təşkil etmək istəyirik. Ən vacibi isə işğaldan azad olunan Qarabağ torpaqlarında bunu reallaşırdırmaqdır. Biz boks camiəsini də məlumatlandırmaq istəyirik".
Müşavir yarış üçün ayrılan mükafat fondunu da açıqlayıb: "Çəki dərəcələrin uyğun olaraq müxtəlif mükafatlar olacaq. Əsas döyüşdə qalib olan şəxsə 300 min dollar veriləcək. Məhəmməd Abdullayevin kolumbiyalı idmançı ilə görüşündəki qalibə isə 50 min ABŞ dolları təqdim olunacaq. Bu rəqəm getdikcə artacaq".
Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kiloqramda Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.
Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kiloqram) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.
Qeyd edək ki, IBA Çempionlar Gecəsi sentyabrın 28-də saat 18:00-da start götürəcək.