ABŞ-da Anım Günündə aviasərnişinlərin rekord sayı qeydə alınıb
Vaşinqton, 2 iyun, AZƏRTAC
ABŞ Nəqliyyatda Təhlükəsizlik İdarəsinin nümayəndələri bildiriblər ki, builki Anım Günündə Birləşmiş Ştatlarda hava nəqliyyatından istifadə edən insanların sayı COVID-19 pandemiyası başlanandan bəri ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC ABŞ Nəqliyyatda Təhlükəsizlik İdarəsinin bəyanatına istinadla xəbər verir ki, mayın 28-dən 31-dək ABŞ aeroportlarından keçən sərnişinlərin sayı 7 milyondan çox olub.
Məlumata əsasən, cümə günü 2 milyon, şənbə günü 1,6 milyon, bazar günü 1,65 milyon və bazar ertəsi günü 1,9 milyon aviasərnişin qeydiyyata alınıb. Müqayisə üçün xatırladaq ki, bir il əvvəl Anım Günü ilə əlaqədar istirahət günlərinin heç birində aviasərnişinlərin sayı 341 mindən çox olmayıb. Bununla belə, səfərlərin sayı 2019-cu ildə, yəni koronavirus pandemiyası başlanandan xeyli əvvəl Anım Günü ilə bağlı istirahət günlərində aviasərnişinlərin sayından təqribən 22 faiz aşağı olub.
Hər il may ayının sonuncu bazar ertəsi günü qeyd edilən Anım Günündə müharibədə həlak olmuş amerikalıların xatirəsi yad edilir. Yay fəslinin qeyri-rəsmi başlanğıcı sayılan həmin günlərdə sakinlər ənənəvi qayda üzrə istirahət etmək üçün kempinqlərə, çimərliklərə və dövlət parklarına yola düşürlər. Keçən il koronavirusla bağlı məhdudiyyətlər üzündən belə səyahətlərin sayı kəskin azalmışdı. Bu il amerikalılar pandemiyadan əvvəlki adətlərini bərpa etməyə çalışırlar.
AZƏRTAC-ın Vaşinqton bürosu