ABŞ-DAKI AZƏRBAYCAN YƏHUDİLƏRİ CƏMİYYƏTİNİN SƏDRİ YAKOV ABRAMOVUN ÇIXIŞI
Hörmətli cənab Prezident!
Əziz qurultay iştirakçıları!
Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan Yəhudiləri Cəmiyyəti adından hamınızı Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi münasibətilə təbrik edirəm.
Bizi Azərbaycan diasporunun bölünməz bir hissəsi kimi tanıyırlar və Tomris xanım Azərinin başçılıq etdiyi cəmiyyətlə bir məqsəd uğrunda əməkdaşlıq edirik. Mən birinci qurultayda da iştirak etmişdim və onun nəticələrini indi hamımız görüruk. Azərbaycanda Komitənin yaradılması nəticəsində diaspor hərəkatı genişlənmiş və icmalararası əlaqələrin səmərəliliyi daha da artmışdır.
Əziz dostlar, icazə verin, qarşıdan gələn Novruz bayramı münasibətilə Sizi icmamız adından ürəkdən təbrik edim. Bütün azərbaycansevərlərə ən xoş arzularımı çatdırıram.
Çox sağ olun.
X X X
MAHMUD KƏRİMOV: Hörmətli qurultay nümayəndələri, qurultayın katibliyinə 23 nəfər müraciət etmişdir. İndiyədək qurultay nümayəndələri və qonaqlardan 17 nəfər çıxış etmişdir. Təklif edilir ki, iki nəfərə də söz verdikdən sonra çıxışlar dayandırılsın. Etiraz yoxdur? Qəbul olunur. Onda çıxışlar davam etdirilir.