ABŞ DEMOKRATLARI BARAK OBAMANIN PREZİDENTLİYƏ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRMÜŞLƏR
Demokratlar Partiyasının son dörd gün ərzində ABŞ ictimaiyyətinin diqqətini cəlb edən seçkiqabağı qurultayı avqustun 28-də başa çatmışdır. Kolorado ştatında toplaşan Amerika demokratları ölkə tarixinə yeni səhifə yazaraq, ilk dəfə qara dərili siyasətçini, 47 yaşlı senator Barak Obamanı partiyaları adından prezidentliyə namizəd təsdiqləmişlər. Onun daha təcrübəli həmkarı, 65 yaşlı senator Co Baydenin isə vitse-prezidentliyə namizədliyi irəli sürülmüşdür.
Qurultayda ölkənin ən tanınmış demokrat siyasətçiləri, o cümlədən sabiq prezident Bill Klinton, sabiq vitse-prezident Albert Qor, Konqresin spikeri Nensi Pelosi və digərləri çıxış etmişlər. Sonda 80 min nəfərlik auditoriya qarşısında çıxış edən Barak Obama respublikaçı rəqibi Con MakKeyni kəskin tənqid etmişdir. Özünü “dəyişiklik təminatçısı kimi” təqdim edən Barak Obama seçkilərdə qalib gələrsə, orta və aşağı gəlirli ailələrin vergilərini azaldacağını, İraqda müharibəyə son qoyacağını, Amerikanın Yaxın Şərqin neftindən asılılığını 10 il ərzində heçə endirəcəyini, xarici siyasətdə hərbə deyil, diplomatiyaya üstünlük verəcəyini vəd etmişdir.
Maraqlıdır ki, Hollivudun populyar aktyorları və musiqiçilərinin iştirakı ilə keçirilən dördgünlük qurultay Barak Obamanın sorğulardakı populyarlıq reytinqinə o qədər də təsir etməmişdir.
Respublikaçıların seçkiqabağı qurultayı isə sentyabrın 1-4-də Minneapolis ştatında keçiriləcəkdir. Görkəmli respublikaçı siyasətçilər, o cümlədən dövlət başçısı Corc Buş və birinci xanım Lora Buş, Kaliforniya ştatının qubernatoru Arnold Şvartsenegger, Nyu-York ştatının sabiq meri Rudolf Culiani seçkilərdə partiyalarının mövqeyinə dair çıxış edəcəklər. Xatırladaq ki, vitse-prezident Riçard Çeyni sentyabrın 1-də qurultaydakı çıxışından sonra Gürcüstan, Azərbaycan, Ukrayna və İtaliyaya səfərə yollanacaqdır.
Demokratlar Partiyasının qurultayı çərçivəsində Denver şəhərində Milli Demokratiya İnstitutunun təşəbbüsü ilə Beynəlxlaq Liderlər Forumu təşkil edilmişdi. Dörd gün davam edən müzakirələr zamanı institutun sədri, sabiq dövlət katibi Madlen Olbrayt, sabiq prezident Bill Klinton, Dünya Bankının sabiq prezidenti Ceyms Vulfenson, Almaniyanın sabiq vitse-kansleri Yoşka Fişer və digər nüfuzlu siyasətçilər Demokratlar Partiyasının xarici siyasət platformasını təhlil etmiş, Barak Obamanın qələbəsinin beynəlxalq hadisələrə mümkün təsiri barədə fikir mübadiləsi aparmışlar. Forumun işində Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak etmişdir.