ABŞ İQTİSADİ PROBLEMLƏRİN HƏLLİNDƏ AZƏRBAYCANA YARDIM EDƏCƏK
XİİK-in informasiya-analitik departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu klubun baş icraçı direktoru Telman Əliyev onun yaranma prosesindən danışaraq vurğulamışdır ki, klub Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində formalaşmışdır. Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən kiçik və orta biznesin inkişafı üçün əlverişli sərmayə şəraiti yaradılmışdır. O, “Kaspian Enerji” jurnalının nəşrinə göstərdiyi yardıma görə ABŞ şirkətlərinə, o cümlədən “ExxonMobil” şirkətinə təşəkkürünü bildirmişdir.
Erik Stüart iclasda çıxış edərək, Azərbaycanda müxtəlif nazirlik və idarələrdə keçirdiyi görüşlərdən söhbət açmışdır. Bu görüşlər zamanı, əsasən, ölkəmizdə iqtisadi islahatların gedişi müzakirə olunmuşdur. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan biznesin inkişafında uğurlar qazanacaqdır.
E.Stüart demişdir ki, onun Azərbaycana səfərindən məqsəd ABŞ Beynəlxalq Ticarət Müdiriyyətinin telekommunikasiya, yük daşımaları və bank fəaliyyəti sahələrində də özəlləşdirmə prosesinin davam etdirilməsi məsələlərinin həllində ölkəmizə yardım yollarının axtarılmasıdır. Korrupsiya ilə mübarizə, Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) tamhüquqlu üzv qəbul edilməsi yolunda problemləri aradan qaldırması tədbirləri ilə bağlı məsələlər də müzakirə olunmuşdur. ABŞ Azərbaycanın DTT-yə qəbul edilməsi üçün ölkəmizə texniki yardım şəklində artıq 1 milyon dollar vermişdir.
Görüşdə XİİK-ın ABŞ ictimai təşkilatları, dövlət strukturları və şirkətləri ilə əməkdaşlığının perspektivləri də müzakirə olunmuşdur.
Görüş zamanı Erik Stüarta klubun fəxri üzvü sertifikatı təqdim edilmişdir. Klubun yeni üzvləri də sertifikatlar almışlar.
Xatırladaq ki, hazırda XİİK-ın üç həmsədri var. Azərbaycan tərəfini ARDNŞ-in prezidenti Natiq Əliyev, Rusiyanı RF Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı, Qazaxıstanı yanacaq və təbii ehtiyatlar naziri Vladimir Şkolnik təmsil edirlər.