ABŞ Konqresinin üzvləri Azərbaycanın Respublika Günü münasibətilə bəyanatlar verməkdə davam etmişlər
Vaşinqton, 2 iyun (AZƏRTAC) Mayın 29-da ABŞ Konqresinin üzvləri Stiv Kohen, Maykl Törner, Cim Braydenstayn və Henri Kuellar Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə ABŞ Konqresində bəyanatlarla çıxış etmişlər. Bu 4 bəyanatın verilməsi ilə bu il ABŞ Konqresində Azərbaycanın Respublika Günü münasibətilə verilən bəyanatların sayı 9-a çatmışdır. Belə ki, 2014-cü il mayın 28-də ABŞ Konqresinin üzvləri Bil Şuster, Virciniya Foks, Paul Kuk, Mişel Qrişam və Madlen Bordallo Respublika Günü ilə əlaqədar bəyanatlar vermişdilər. Bundan əlavə, mayın 28-də konqresmen Stiv Stokman Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasında müvafiq qətnamə layihəsini irəli sürmüşdür. ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri olan Stiv Kohen bəyanatında Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etmiş, 1918-ci ildə Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika qurduğunu qeyd etmiş və bu respublikanın tarixi nailiyyətlərindən bəhs etmişdir. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyini deyən konqresmen S.Kohen ölkənin müstəqillik illərində də ciddi çağırışlarla qarşılaşdığını qeyd etmişdir. Bu kontekstdə S. Kohen Azərbaycanın ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu demişdir. Konqresmen Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı, habelə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini xüsusi qeyd etmişdir.
Konqresin Nümayəndələr Palatasında irəli sürülmüş “Cənub” qaz dəhlizinə dəstək ifadə edən qətnamə layihəsinin əsas müəllifi olan konqresmen Maykl Törner Respublika Günü münasibətilə verdiyi bəyanatda əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu vurğulamışdır. O, Azərbaycan qazını Avropaya daşıyacaq “Cənub” qaz dəhlizinin Avropanın təbii qazla təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini qeyd etmişdir. Konqresmen Cim Braydenstayn öz bəyanatında Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğunu vurğulamışdır. O, təmsil etdiyi Oklahoma ştatının Milli Qvardiyasının Azərbaycan Silahlı Qüvvələri ilə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində sıx əməkdaşlıq etdiyini demişdir.
Konqresmen Henri Kuellar öz növbəsində Azərbaycanın Respublika Gününün 96-cı ildönümü münasibətilə təbriklərini çatdırmış, Azərbaycan və ABŞ arasındakı strateji tərəfdaşlığın əhəmiyyətini vurğulamışdır. Eyni zamanda, konqresmen H.Kuellar Azərbaycanın Avropanın, Türkiyənin və İsrailin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini qeyd etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton