ABŞ SƏFİRLİYİNİN DƏSTƏYİ İLƏ ŞƏKİDƏ AQRAR SAHƏYƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Şəki, 11 iyun (AZƏRTAC). ABŞ səfirliyinin təşkilati dəstəyi və bu ölkənin Alabama ştatı Tuskici Universitetinin professoru Çanapatna Prakaşın iştirakı ilə iyunun 11-də Şəki şəhərində aqrar sahənin inkişafı məsələlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Telekommunikasiya qovşağının konfrans zalında keçirilən tədbirdə şəhər rəhbərliyi, ABŞ səfirliyinin nümayəndələri, habelə aqrar sahədə çalışan alim və fermerlər iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov elmi fəaliyyəti ilə dünyada yaxşı tanınan professor Ç.Prakaşın Şəkiyə gəlişinin əlamətdar hadisə olduğunu bildirmişdir. Ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının elmi nailiyyətlər əsasında inkişaf etdirilməsi kimi məsələlərin dövlətin aqrar sahədə həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri olduğunu nəzərə çarpdıran icra başçısı, son dövrlər regionlarda aqrar sahənin inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini bildirmişdir. N.İbrahimov çıxışında qloballaşan dünyada inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən geri qalmamaq, əhalinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacını maksimum səviyyədə ödəmək üçün müasir texnologiya və aqrar sahə üzrə elmi metodların əldə olunmasının vacibliyini xüsusi vurğulamışdır.
Tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən professor Çanapatna Prakaş Azərbaycana səfərinin əsas məqsədinin bu ölkənin kənd təsərrüfatı ilə daha yaxından tanış olmaq, habelə biomolekulyar genetika sahəsində son nailiyyətlər haqqında yerli alim və fermerlərə məlumat vermək olduğunu bildirmişdir. Amerikalı professor daha sonra biotexnologiyanın inkişafı, genetik modifikasiya olunmuş orqanizmlər, ətraf mühitin qorunması, taxılçılıq və digər sahələr üzrə yüksək məhsuldarlığa nail olunması məsələləri barədə geniş məruzə etmişdir.
Konfransın sonunda Ç.Prakaş iştirakçıları maraqlandıran digər məsələlərə də aydınlıq gətirmişdir.